Şəhid mayorun ailəsi çıxılmaz durumda: “Nəsimi rayon İcra Hakimiyyətində mənimlə kobud davrandılar, dedilər ki…” – FOTOLARbackend
44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

Bu səlnaməni yazanlardan biri də şəhid mayor Toğrul Bərxudarovdur.

“Allah mənə də nəsib eləsin. Mən də şəhidlik zirvəsinə ucalım”.

Bu sözləri Vətən Müharibəsi şəhidi Mayor Toğrul Bərxudarov öz həyat yoldaşına tez-tez deyirmiş. Mayor Toğrul Bərxudarov 30 iyun 1987-ci ildə Gəncə şəhərində anadan olub.

8-ci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olunub.

Təhsilini bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib. 2000-cu ildən Pereküşkül qəsəbəsindəki “N saylı” hərbi hissədə xidmətə başlayıb.

Xidmətdən sonra yenidən oxuduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təyin olunub. Tərtər hadisələrindən sonra onun təyinatı Tərtərə verilib. Daha sonra mayor Bərxudarov Qərargah rəisi olub.

“Toğrul üçün hər şeydən öndə vətən dururdu”

Şəhidin həyat yoldaşı Zəhra Bərxudarovanın sözlərinə görə, o, şəhid olmaq üçün dua edirdi:

“Toğrul Tərtərdə olanda çox şərəfli, layiqli xidmət edib. Onun üçün ilk növbədə vətən dururdu. O deyirdi ki, vətənin bir qarış torpağı uğrunda mənim kimi minlərlə igidi qurban olmağa hazırdır. Toğrul eşidəndə ki, kimsə şəhid olub, deyirdi ki, Allah mənə də nəsib eləsin, mən də o zirvəyə ucalım. O dərəcədə vətəninə, millətinə bağlı idi”.

“Sonuncu dəfə 30 sentyabrda gecə 3-də mesaj göndərmişdi”

“Toğrul axırıncı dəfə 26 sentyabrda bizimlə görüntülü danışıb. Danışanda mənə dedi ki, çıx kənara, səninlə işim var. Mən də dedim ki, nə olub. Danışanda mənə baxa bilmirdi. Dedi ki, hər şey ola bilər, hər şeyə hazırlıqlı olmalısan. Düşünürdüm ki, bu sözləri mənə niyə deyir? 27-i səhər telekanallarda baxdım ki, müharibə başlayıb. Çox narahat oldum. Axırıncı dəfə Toğrul 30 sentyabrda gecə saat 3-də mesaj göndərib. Səhər zəng etdim, zəng çatmırdı. Sonradan məlum oldu ki, elə ayın 30-da şəhid olub”.

Zəhra xanımın sözlərinə görə, Toğrul şəhid olduqdan sonra problemlər yaranıb. Bununla bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsə də, onunla kobud rəftar edilib:

“Toğrul sağ olanda ipoteka ilə ev almışdıq. İpoteka ilə ev alanda evlər siğortalanır. Evdə yaşadığımız vaxt evimiz yandı. Daha o evdə qala bilmədik. Avqust ayında kirayə çıxdıq. Toğrul oktyabrın 10-da məzuniyyət götürməyi düşünürdü. Deyirdi ki, məzuniyyətə gəlim, kredit götürüb evi təmir etdirərik. Toğrul şəhid olandan sonra bütün planlarımız yarımçıq qaldı. Nəsimi rayon İcra Hakimiyyətinə getmişdim ki, ayda 350 manat kirayə verirəm, kommunal ödənişlər və iki övladımın hazırlığına pul çatdıra bilmirəm. Mənə oradan dedilər ki, “YAŞAT” Fonduna müraciət et, bu, bizlik deyil. Daha sonra “YAŞAT” Fonduna müraciət etdim. Oradan da dedilər ki, biz artıq ev təmiri etmirik”.

İndi şəhid ailəsi problemlərini necə həll etməyin yollarını axtarır.

Əbülfət
Cebhe.info