Şəhidi Xudayar Yusifzadənin qardaşı “Topaz”, “Misli” və “Poz, qazan”ı tənqid etdi: “İnsanları müflisləşdirirlər…”backend

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Azərbaycanda “Topaz”, “Misli” və “Poz, qazan”  kimi mərc oyunlarından narazılığını dilə gətirib.

Şəhid qardaşı deyib ki, bu cür qumar oyunları Azərbaycan xalqının mentalitetinə tamamilə yaddır.

Məhəmməd Yusifzadə bildirib ki, ölkəmizdə bu cür lotereya oyunlar insanları daha da müflisləşdirir və onların şüuruna mənfi təsir göstərir:

“Ölkəmizdə bu cür lotereya oyunlarına çox pis baxıram. Yaxşı olardı ki, gənclərimiz oxusunlar, ali təhsil alsınlar, nüfuzlu yerlərə daxil olsunlar. Hesab edirəm ki, təhsilin inkişaf etdirilməsindən daha faydalısı yoxdur. Gənclərimizin “Azərlotereya” oyunlarına maraq göstərmələrini istəməzdim. Son günlər narkotiklə bağlı məsələlər də geniş yayılıb. Belə işlərə həqiqətən də, çox pis baxıram. Çünki bizim ölkə o ölkə deyil, bizim ölkədə necə qəhrəman insanlar var, bunu hamımız yaxşı bilirik. “Azərlotereya” kimi qumar oyunlarının Azərbaycanda genişlənməsini əsla istəmərəm. Belə qumar oyunları ilə xalqımızın, millətimizin düşüncəsini dəyişdirməsinlər! Bir çox insanlar pul qazanmaq üçün belə bizneslə məşğul olurlar. Amma, hər bir gəncimiz bilməlidir ki, bu cür qumar oyunları ölkəmiz üçün yaddır. Bizim dövlətimizdə yaşayan insanların hamısı vətənpərvərdir. Ona görə də, bu cür lotereya oyunlarının ölkəmizdə yayılmasını istəməzdim. Çünki, biz o düşüncədə, o tərzdə, o mentalitetdə yaşayan bir xalq deyilik. Yaxşı olardı ki, gənclərimiz bu cür qumar oyunlarından uzaq dursunlar və ailələri ilə məşğul olsunlar”.

Demokrat.az