Şəhidin dünyaya gələcək körpəsinə Şuşa adı qoyuldubackend

Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də kapitan Elçin Ağayevdir. Suqovuşan istiqamətində gərgin döyüşlərdə iştirak edən komandir sonda arzuladığı şəhidlik zirvəsinə ucalır. Şəhidin doğulub boya-başa çatdığı Cəlilabadın Günəşli kəndində olan əməkdaşlarımız ailəsi ilə görüşüb, söhbətləşiblər.

Elçin Ağayevin doğulduğu 1993-cü il mənfur qonşularımızın doğma torpaqlarımızı işğal etdiyi dövrlərə təsadüf edir. Böyüdükcə xalqımızın başına gətirilən müsibətlərdən xəbərdar olan Elçin, işğalda olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə tələsirdi. 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vuran gənc leytenant təyinatını da öz istəyi ilə cəbhə bölgəsinə alır. Vətən müharibəsində ilk döyüşlərə Tərtərin Talış kəndi istiqamətində qatılır. Düşərgə postuna komandirlik edən kapitan Elçin Ağayev Suqovuşan azad edilənədək şərəfli döyüş yolu keçir. Oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Şəhid atası Ağayev Zakir: “Oğlumla qürur duyuram. Şəhidlik zirvəsi hər adama qismət olmur. Bu ad mənim oğluma qismət olub. O, düşmənin üzərində qələbə çalmağımızı və murdar düşmənin torpağlarımzdan qovulmasını arzulayırdı. Ən böyük arzusu Şuşa idi. Deyirdi ki, Şuşaya getməliyəm, oranı görməliyəm. Qismət olmadı, amma onun arzusunu gerçəkləşdirəcəyəm, balalarına aparıb oranı göstərəcəyəm”.

Elçini hərbi geyimdə görməyi arzulayan anası Zemfira xanım deyib: “Hərbiçi geyimdən çox xoşum gəlirdi. İstəyirdim ki, iki oğlumdan biri hərbçi olsun. Mənə qoyub getdiyi iki yadigarını saxlayıram, ikisi də yanımdadı. Qələbəni görməsə də, həmin gün mən özüm bu uşaqlarla getdim. Onun qələbə bayramını təbrik elədim. Dedim ki, gözlərin aydın, oğul, torpaqlarımız azad oldu. Bütün şəhid analarına deyirəm ki, qürurlu olun, başınızı həmişə uca tutun!”.

Silahdaşlarından qazi Əli Abbasov da bu gün şəhid kapitanın necə nizam-intizamlı, qorxmaz, cəsur zabit olduğunu böyük iftixar hissi ilə xatırlayır: “Onun qəhrəmanlığı haqqında bütün döyüş yoldaşları bilir, nəinki mən. Strateji yüksəkliklərin azad olunmasında onun əməyi çox oldu. Odun-alovun içindən məni xilas etdi. Hətta mənim tanınmağım üçün sağ əlimə adımı və soyadımı yazdı. Çünki müharibə vaxtı heç kim tanınmır. Sağ qalmağım onun sayəsində oldu. Məni qan boğmuşdu, onun məni təxliyəsi ilə həyatda qaldım. Onun şücaətlərindən danışdıqca bitməz. O, özü düşərgə postuna rəhbərlik edən komandir idi. Həmin o postda elə bir istehkam qurmuşdu ki, ora nəinki top, nə etsən də heç vaxt dağılmazdı. Onun ən böyük arzusu Qarabağı tam azad görmək idi. Allah şəhid zabitimizi rəhmət eləsin”.

Sabaha böyük ümidlərlə baxan ailənin indi bir təsəllisi var. Elçinin üzünü görə bilməyəcəyi üçüncü övladı… Artıq dünyaya gələcək körpənin adı da məlumdur…. Qızı şəhid Elçinin həsrətində olduğu Şuşanın adını daşıyacaq.Azərtac