Səhmdarlarına hörmətsizlik edən banklar – ARAŞDIRMAbackend

Azərbaycanda fəaliyyət göstərən bəzi bankların “varlığı ilə yoxluğu bilinmir” desək, yanılmarıq. Saman altından su yeridən bu banklar ictimaiyyətə, mətbuata qapalılığı ilə seçilir. Mətbuatın “radarından itən” kredit təşkilatları o qədər arxayındırlar ki, etdikləri elementar səhvlərin belə fərqində deyillər…

Yeni Gündəm” xəbər verir  ki, İndex.az bu səhvləri oxuculara və həmin bankların əməkdaşlarına, məsul şəxslərinə bir-bir göstərmək qərarına gəlib. Bankların məsul şəxsləri işinə o qədər məsuliyyətsiz yanaşır ki, səhmdarlarına qarşı belə hörmətsizlik edirlər.

Başlayaq ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankından (ABB). Dövlət bankının səhmlərinin 91.4%-i Maliyyə Nazirliyinə, 3.76%-i isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Lakin ABB-nin rəsmi saytında “Səhmdarlar” bölməsində qeyd edilib ki, 3.76%-lik səhm paketini hələ də Əmlak Məsələri Dövlət Komitəsindədir. Halbuki, ölkə başçısının müvafiq fərmanı ilə komitə ləvğ olunub, İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib və adı dəyişdirilib. Yeni yaradılan qurum Əmlak Məsələri Dövlət Komitəsinin hüquq i varisidir. Görünür, dövlət bankının məsul şəxsləri ölkə başçısının imzaladığı sənədləri oxumur, ya da işlərinə məsuliyyətsiz yanaşırlar.

“Expressbank”ın məsul şəxsləri də ölkə başçısının imzaladığı rəsmi sənədləri oxumur. Halbuki, imzalanan bəzi sənədlərin birbaşa onlara aidiyyatı var. Uzun müddətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan qurum yoxdur. Prezidentin son fərmanına əsasən, qurumun rəsmi ad belədir – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Deməli, bankın 0.3794%-lik səhmdarı olan dövlət qurumunun adı belə olmalıdır – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

Digər dövlət bankı olan Azər-Türk Bankın (ATB) səhmdarlarından biri “Qala Həyat” (5%) sığorta şirkətidir. Lakin saytda “Qala Həyat”ın adında yanlışlığa yol verilib.

“Euro Standard” MMC “Xalq Bank” (33.85%) və “Bank Avrasiya”nın (37.5%) səhmdarıdır. Məhz “Euro Standard” – yazılış qaydası budur! “Bank Avrasiya” isə səhmdarını “YEVRO STANDART” MMC kimi təqdim edir.