Səkkiz kiloqram heroin aşkar edildi – DİNbackend

Daxili İşlər Nazirliyi ölkə ərazisində narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan şəxslərin saxlanılması ilə bağlı məlumatı açıqlayıb.

“Yeni Gündəm” DİN-ə istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülüb.

Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayevdən metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Tərtər rayon Xoruzlu kənd sakini R.Alışovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 848 qrama yaxın marixuana aşkar edilərək götürülüb.