Şəmkir küçələrində acınacaqlı vəziyyət: Sakinlər icra başçısından narazıdır – FOTOLARbackend

Şəmkir şəhərinin küçələrində acınacaqlı vəziyyət hökm sürür. Küçələrdə zibil “dizə çıxır”.

Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, keçmiş icra başçısı Alimpaşa Məmmədovun dövründə şəhər küçələrindən zibili həftədə bir dəfə yığışdırırdılarsa, yeni başçı Rəşad Tağıyev ay tamam olmamış zibil yığışdıranlara əziyyət vermir:

“Bu işi Şəmkir Kommunal Müəssisələr Kombinatı həyata keçiməlidir. Rəşad Tağıyev başçı təyin olunandan sonra Şəmkirə əsasən kənar rayonlardan və daha çox Bakıdan kadrlar dəvət edərək vəzifələrə təyin edir. Bu baxımdan Şəmkir Kommunal Müəssisələr Kombinatı da istisna deyil. Rəşad Tağıyev bu vəzifəyə təyin etmək üçün Alişan Yusibovu Bakıdan dəvət edib. Qəribə olsa da, Alişan Yusibov dəvəti qəbul edib və 340 manat maaşı olan vəzifədə işləmək üçün Bakıdan Şəmkirə gəlib. Şəmkirlilər Alişan Yusibovun zibil yığmaq sevgisinin yaranmasını ona qədər bu vəzifədə olmuş Teymur Hacıyevin qəfil varlanması səbəbi ilə əlaqələndirilər. Deyirlər ki, Alimpaşa Məmmədovun kadrı Teymur Hacıyevin həmin vəzifəyə təyinat alana qədər ortabab dolanışığı olub. Kommunal Müəssislərə Kombinatında işlədiyi dövrdə isə onun cəh-cəlalını Bakıdan belə görürdülər. Ona görə də 2 dəfə Korrupsiya İdarəsinə çağırlıb. Hər dəfə də Alimpaşa Məmmədov onu xilas edib”.

Şəmkirlilərin iddiasına görə, Rəşad Tağıyevin kadrı Alişan Yusibov Şəmkirə gələndən sonra ayı 500 manata ev kirayələyib. Halbuki, 340 manat maaşla bu mümkün deyil.

Sakinlər bildirib ki, Şəmkirin problemi yalnız zibil deyil. Onların iddiasına görə, Alimpaşa Məmmədovun kadrları bu gün Rəşad Tağıyevin sayəsində rayonda “at oynadır”.

Alimpaşa Məmmədovun başçılığı dövründə onun müavini olmuş Qüdrət Əliyev bu gün Şəmkir Rayon Təhsil Şöbəsinin müdiridir, Rəşad Tağıyevin qeyri-rəsmi məsləhətçisidir.

Məsələn, Rəşad Tağıyev şəhid usaqları ilə görüşə Qüdrət Əliyevlə birgə gedir. Halbuki, Qüdrət Əliyev adı Alimpaşa Məmmədovun cinayət işində ən cox çəkilən şəxsdir. O, həm də ictimaiyyətdə şəhid anasına “ərə get, problemin həll olunsun” deyən biri kimi tanınır.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev də Rəşad Tağıyevin sevimlilərindən biridir. Alimpaşa Məmmədovun bu kadrına Rəşad Tağıyevin marağının ciddi səbəbləri olduğu deyilir. Rasim Mustafayevin Şəmkir və ərafındakı kəndlərdə saysız-hesabsız torpaq sahələri olduğu iddia edilir. Bildirlir ki, yeni başçı ilə Rasim Mustafayevi torpaq məsələləri bağlayır.

Bu iddialarla bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərinə cavab verən olmadı.