“Sənin mənim ərazimə iddian varsa, mən niyə Zəngəzuru yada salmayım?!” – Keçmiş xarici işlər naziribackend

“Artıq görürük ki, Ermənistan ictimaiyyətinə bir gündə ziddiyyətli mesajlar gəldi. Bu, onu göstərir ki, indiki mərhələdə Ermənistanda ciddi siyasi böhran var. Onların  bizə qarşı təxribatının əsas səbəbi də ondan ibarətdir ki, Rusiya və Qərbin Ermənistanın siyasi arenasında maraqları toqquşur. Ermənistan artıq seçim qarşısındadır, ya Rusiyanın himayəsi altında qalsın, ya da Qərbə keçsin”.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib.

“Biz görürük ki, ictimaiyyətdə fikirlər səslənir ki, Rusiya bizə kömək etmədi, KTMT-a gəlib kömək etmədi. Belə bir müttəfiq bizə lazım deyil və Qərbə getməliyik. Eyni zamanda, Qərbdən də aydın mesaj gəlib ki, Rusiyadan əl çəkməsən sənə yardım olmayacaq. Bu da bəllidir ki, mesaj Ermənistana müxtəlif vasitələrlə çatdırılır. Yəni, Paşinyanın istədiyi iki kürsüdə oturmaqdır və təbii ki, bu, mümkün deyil. Bu, gec və ya tez böhrana gətirib çıxartmalı idi və artıq çıxartdı. Biz görürük ki, bunun nəticəsində Ermənistan çox ciddi seçim qarşısındadır. Baxaq, indi nə seçim edəcək? Hamıya bəllidir ki, Ermənistan əgər Qarabağ mövzusunda öz siyasi ritorikandan əl çəkməsə, təbii ki, sülh mümkün deyil.

Digər tərəfdən də, bu, eyni zamanda onlar üçün də təhlükə yaradır. Əgər sənin mənim ərazimə iddian varsa, mən niyə Zəngəzuru yada salmayım? Bunun davamı onu göstərir ki, bu 30 ilin siyasətinin məntiqi nəticəsidir. Yəni, ermənilərdən soruşsanız ki, sizin ərazi bütövlüyünüz haradadır? Onlar cavab verə bilməzlər. Çünki “Müstəqillik haqqında” aktda göstərilib ki, onlar Qarabağı da birləşdiriblər Ermənistana. Yəni, sərhədlər orada idi. Həmçinin, Paşinyan Şuşada bəyanat verdi ki, “Arsax Ermənistandır və nöqtə”  deməli bunlar işğal olunmuş əraziləri də Ermənistana birləşdiriblər. İndi isə əllərinə sovet xəritələri düşüb. Burada isə biz 1920-ci illəri deyirik, onlar isə 1970-80-ci illəri deyirlər və s. Yəni, bu baxımdan o siyasətin nəticəsində Ermənistanın heç bir ərazi bütövlüyü olan məfhumu demək olar ki, yoxdur. Bizə deyə bilərlər ki, ərazi bütövlüyünə hörmət edin və onda cavab versinlər ki, onlar öz ərazilərini harada hesab edirlər?”.

Demokrat.az