Seriallarda boy göstərən məşuqələr: Onlar efirə necə yol tapır? – Elməddin səbəbini açıqladıbackend

“Nəzakət Məmmədova hardasa düz deyir, elə bir şey doğurdan da var. Amma məndə heç vaxt belə hal olmayıb ki, dost-tanışımı seriala çəkim. Bizim serialımızda Yaşar Nuri, Firəngiz Mütəllimova, Fatma Mahmudova kimi peşəkarlarımız çəkilib. Hər zaman peşəkarlara müraciət etmişik, çalışmışıq ki, hər üç nəsildən istifadə edək…”

“Yeni Gundem” xəbər verir ki, bu sözləri tanınmış aktyor, rejissor Elməddin Cəfərov deyib. Aktrisa Nəzakət Məmmədovanın gənc rejissorların yeni serial və filmlərə öz məşuqələrini, dost-tanışlarını çəkdiyilə bağlı iddialarına münasibət bildirən Cəfərov belə bir problemin doğurdan da olduğunu bildirib:

“Nəzakət xanımın dediyi problem doğurdan da var, bəzi seriallarda bu maliyyə ilə bağlı olur. Serialların sponsor sıxıntıları olur deyə daha ucuz aktyor dəvət edirlər. Hələ ki, buna məcburdurlar. Düşünürəm ki, bu da pandemiyanın bir zərbəsidir. Azərbaycanda kino sahəsi də ölüb. Yerli kinolar çəkilmir, çünki xatırlayırsınızsa, ən gec kinoteatrların fəaliyyətinə qoyulan qadağa aradan qalxdı. Bu iki-üç ərzində yeni kinolar çəkilmədi. Allahın izni ilə yenidən iqtisadiyyat güclənəcək, yenə şirkətlər kino və seriallara sponsorluq etməyə başlayacaqlar, reklamlar çoxalacaq və peşəkar aktyorlar dəvət olunacaq. Bəzi məqamlarda prodüserlər buna məcburdur, onları qınamıram. İnşallah, bu ortadan qalxacaq. Biz müharibədə qələbə çalmış xalqıq, bu nədir ki? Zamanla hər şey yoluna düşəcək”.

Vaxtilə çəkdikləri “Bacanaqlar” serialından danışan aktyor serialın efirə getdiyi ərəfədə bir çox tənqidlərlə üzləşdiklərini xatırlayıb:

“Bacanaqlar” serialı 10 il efirə getdi. 10 il ərzində verilişlərdə həmişə tənqid edilib, insanlar deyirdi ki, bu nədir? Bu seriala nə ehtiyac var? “Bacanaqlar”ı Türkiyənin məşhur “Yaprak dökümü”, “Muhteşem Yüzyıl” serialları ilə müqayisə edirdilər, dəxilsiz tənqidlər olurdu, çoxunun bu barədə anlayışı yox idi. İnsanlar başa düşmürdülər ki, “Muhteşem Yüzyıl” serialının 95 milyon avro büdcəsi var, amma yetim “Bacanaqlar” sponsordan asılı olan serialdır. Nə vaxt ki, Türkiyədə aparıcılar “Bacanaqlar”ı tərifləməyə başladılar, sonra bizim xalq da serialı tərif yağışına tutdu. Elə bil kənardan kiminsə tərifləməyini gözləyirdik ki, özümüzün dəyərini bilək. o üzdən mən tənqidləri o qədər də ciddiyə almıram. Baxın, sosial şəbəkəlrdə hər hansı işin şərhlərində bir nəfər ilk şərhi pis yazırsa, hamı başlayır pisləməyə, yaxşı yazırsa, tərifləyirlər. Kütlə çox tez yönlənəndir”.

O, bəzən insanların yerli işləri dünya miqyaslı serial və filmlərlə  müqayisə etdiyini, bunun doğru yanaşma olmadığını qeyy edib:

“Çəkdiyimiz “Qız atası” serialı da uğurlu seriallardandır, ölkə xaricində də təriflənir, reytinqləri də yaxşıdır. Yəni yaxşı işlər var. Həmişə bazarda həm keyfiyyətli, həm də keyfiyyətsiz məhsul olub. İstəyən görür, istəməyən gözməzlikdən gəlir. Ona görə çox şeyi ciddiyə almıram. “YouTube” trendlərinə baxın, görün hansı musiqilər trenddədir? Çəkilən işləri tənqid edənlər birinci gedib nəyə baxıb trendə düşürdüklərinə nəzər yetirsinlər. Bəzi şeylərə məcburuq. Sanki hər şey düzəlib, qalıb serialların problemləri. Əslində, vallah, bizim seriallar da yaxşıdır. Sadəcə olaraq aparıb 50-100 milyon avro büdcəsi olan serialla bir tərəziyə qoyurlar, məni də gülmək tutur. Sanki “Kəpəz” futbol klubunu “Real Madrid”lə müqayisə edirlər…”/ Yenisabah.az