Serjik haqqında bilinməyən həqiqətlər – FOTObackend

Ötən ilin sentyabrına qədər ermənipərəst qüvvələr hər addımda “güclü Ermənistan ordusu”, “keçilməz Ohanyan səddi”, “müasir hərbi texnikaya malik yenilməz ermənilər” və sair bu kimi cəfəng iddialarla özlərini və region ölkələrini aldatmağa çalışırdılar. Lakin 44 günlük Vətən müharibəsi göstərdi ki, bütün bu iddialar “sabun köpüyü”ndən başqa bir şey deyil. Özü də belə görüntü Paşinyan yox, ondan əvvəl hakimiyyətdə olan Serjik (Serj) Sarkisyan dövründə hazırlandı. Amma Azərbaycan Ordusunun hücumu nəticəsində “güclü Ermənistan ordusu”nda on minlərlə əsgər və zabit fərarilik etdi, “keçilməz Ohanyan səddi” isə yerlə-yeksan oldu. Mövzu ilə bağlı “Kaspi” qəzeti məcalə dərc edib. Serjik Sarkisyan və digər erməni “generallar” Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini eşidib rəzil bir şəkildə İrəvana qaçdılar. Niyə qaçdılar? Çünki Sarkisyan çox yaxşı bilirdi ki, “müasir” adı altında yararsız silahlar alınıb, ordunun texniki təchizatı, maddi təminatı müxtəlif yollarla talanıb. Buna etiraz edən zabitlər, əsgərlər “ehtiyatsızlıq ucbatından” qətlə yetirilib. Savadı, bacarığı, təşkilatçılığı olmayan, korrupsiya, rüşvət yolu ilə milyonlar qazanan Serjikin indi mediada hansı haqla danışması təəccüb doğurur. Danışdıqca da aydın olur ki, Ermənistan ordusunun darmadağın olması da bu qatilin, cinayətkarın şeytan xislətini dəyişməyib. Yenə də öz maraqlarını güdür, nəyəsə ümid bəsləyir.

Prezident İlham Əliyev Suqovuşana səfəri zamanı məsələyə toxunaraq qeyd edib ki, bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Dövlət başçısı bildirib ki, Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. O vurğulayıb ki, bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdə.

Prezident İlham Əliyev vurğulayıb ki, britaniyalı jurnalistə verdiyi müsahibəsində Xocalı soyqırımını şəxsən özü törətdiyini deyən Serjik Sarkisyan hərbi cinayətkardır. Dövlət başçısı qeyd edib ki, Serjik hər addımbaşı hər kəsə xəyanət edib. Ali Baş Komandan haqlı olaraq qeyd edib ki, müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanada idi. Prezident İlham Əliyev Ermənistanda olan Serjik kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edərək bildirib ki, ağlınızı başınıza yığın, dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir.

Mövzu ilə bağlı sabiq deputat Maksim Musayev bildirdi ki, Serjik Sarkisyan hələ keçmiş muxtar vilayət dönəmində savadsız bir adam idi:

“Hamı ona yazıq bir adam kimi yanaşırdı. Onun atası Azat dəmirçi, anası Nora təmizlikçi, qardaşı taksi sürücüsü işləyirdi, dolanışıqları çox ağır idi. Serjik Qarabağ ermənisi deyil. O, Qarabağa Qafandan gəlib. Serjikin ailəsi, valideynləri isə Qafana xaricdən köçüb. Valideynləri hələ gənc yaşından Serjikin hərəkətlərinə fikir vermirdilər. Çünki o, elə gənc yaşından “Daşnaksütun” partiyasının əlaltısı olub. Düzdür, sonralar bunu inkar edirdi, guya, müstəqil olduğunu deyirdi, amma yalan idi.

Bütün bunları ona görə bilirəm ki, sovet dönəmində Qarabağ üzrə “kurator” idim. Hər dəfə Qarabağa səfər edəndə Serjik yanımdan əl çəkmirdi. Erməni dilini təmiz bildiyim üçün Serjik danışmaqda maraqlı idi. Ancaq gədə olduğu bəlli idi, ona görə də, əhəmiyyət vermirdik. Sonradan Serjikə imkanlar yaradılanda qudurdu və ağlına gələn hərəkətləri etməyə başladı. Amma o dönəmdə ali təhsili yox idi. O nə Xankəndində təhsil ala bilirdi, nə də İrəvanda yaxına buraxırdılar. Bakıya isə gəlmirdi. Serjik beş il zavodda fəhlə işlədikdən sonra 2 nömrəli Xankəndi orta məktəbinə pioner baş dəstə rəhbəri təyin edildi. Lakin o, heç iki ay pionerlərə rəhbərlik edə bilmədi, vəzifəsinin öhdəsindən gəlmədi. Çünki qabiliyyətsiz, savadsız, təşkilatçılığı olmayan adam idi. Kimlərinsə himayəsi altında şəhər komsomol komitəsinin idman şöbəsinə işə düzəlmişdi. Danlayanda da, eləcə adamın üzünə baxırdı, nə “hə”, nə də “yox” deyirdi. Bu üzünə tüpürürdün, o biri üzünü çevirirdi.

Serjiki komsomola, sonra partiya işinə dartanlardan biri Dağlıq Qarabağda müharibə yaradan, qan tökən Henrix Petrosyan idi. Henrix mühəndis-elektrik olsa da, Boris Gevorkov onu Qarabağ şərab trestinə rəis qoymuşdu ki, pul gəlirlərinin əksəriyyətini “Krunk”a versin və sonra Dağlıq Qarabağ ağır vəziyyətə düşsün. Serjik də Boris və Henrixin dövrəsində fırlanır, buyruq qulu kimi onların əmrlərini yerinə yetirirdi. Serjik rəhbərinin ayaqqabısını təmizləyir, paltarlarını yudurdurdu. Özünü elə aparırdı ki, Gevorkov onu övladı hesab edirdi. Əslində Serjik Sarkisyan çox saxta, yalançı, qabiliyyətsiz və işgüzarlığı olmayan bir adamdır”.

M.Musayev qeyd etdi ki, Serjik İrəvan Dövlət Universitetini nə az, nə çox, düz səkkiz ilə (1971-1979), özü də ona-buna xahiş-minnət edərək bitirib:

“1980-ci illərin əvvəllərində Serjik Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Komitəsinin ikinci katibi təyin olunub. O, elə həmin dövrdə rəhbəri olan Gevorkova, eyni zamanda ətrafında olan insanlara xəyanət edirdi. Sonradan onun elə Robert Koçaryana, Poqosyana və bir sözlə, hər kəsə qarşı xəyanət etməsinin də şahidi olduq”.