“Səssiz Dünya” İctimai Birliyi “Puç olmuş arzular” adlı tamaşanı səhnələşdiribbackend

“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihə çərçivəsində “Puç olmuş arzular” adlı tamaşanı səhnələşdirib.

“Yeni Gündəm” bildirir ki, Akademik Musiqili Teatrda həyata keçirilən layihənin rəhbəri Aida Səfərova tədbirlə bağlı daha ətraflı məlumat verib.

“Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün 44 günlük Şanlı Zəfər tariximizlə bağlı mədəni tədbirlərin həyata keçirilməsinə və bu istiqamətdə təbliğat işlərinin aparılmasına start vermişik. Təqdim etdiyimiz “Puç olmuş arzular” adlı kompozisiya Akademik Musiqili Teatrın şəhid övladı, işıqçı Əliağa Məmmədova və onun timsalında bütün şəhidlərimizə həsr olunub”, – deyə o bildirib.

Qeyd edək ki, yazıçı Narıngül Nadirin ssenarisi əsasında Ritual Mobil Teatr Laboratoriyasının rejissoru və sosial teatr təlimçisi Elnur Paşa Rzayevin quruluşunda səhnələşdirilən bu kompozisiyada bizim ictimai birliyin və “İnklüziv teatr” studiyasının üzvləri olan Sunay Məmmədli, Timur Ağayev, Yasin Məmmədov, Əfsanə İsmayilova, Nərmin Hümbətzadə, Səkinə Nəzərova, Nihat Nəzərov və Mürşüd Hüseynov iştirak ediblər.

Səhnənin sonunda şəhid Əliağa Məmmədovun yazdığı bir şeir həm jest dili ilə, həm də surdotərcüməçi vasitəsilə tamaşaçılara çatdırılıb.

Biz bu tədbirləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 2 saylı respublika xüsusi internat məktəblərində davam etdirəcəyik, eyni zamanda nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün də bu kompozisiyanın premyerası göstəriləcək.

Layihə çərçivəsində səhnələşdirilən kompozisiya 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanılacaq. Bununla yanaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 200 ədəd jest dilində daktil əlifba kitabi da çap olunaraq onlara təmənnasız veriləcək.

Tədbirin iştirakçıları olan eşitmə və nitq məhdudiyyətli uşaqlar Akademik Musiqili Teatrın “İnklüziv Teatr” studiyasında məşğələlər keçiblər və teatrda onlar üçün yaradılan şəraitdən bəhrələniblər.

“Bu işdə bizə dəstək olan Akademik Musiqili Teatrın kollektivinə, xüsusi ilə teatrın rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə, teatrın YUNESKO tərəfindən qəbul edilmiş “İnklüziv teatr” layihəsinin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədova və ümumiyyətlə, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirəm”, – Aida Səfərova qeyd edib.