Sevdiyi qız onu atıb ərə getdi, içkiyə qurşanıb xərçəng tapdı – “Yeddi oğul istərəm”in Zalımoğlusu…backend

“Yeddi oğul istərəm” filmindən Zalımoğlu kimi tanıdığımız aktyor Ələsgər İbrahimov haqqında maraqlı faktları təqdim edirik.

Ələsgər İbrahimov 1942-ci ildə İçərişəhərdə kasıb bir ailədə dünyaya gəlib. Onun atası fəhlə, anası isə evdar qadın idi. Ailədə iki qardaş olublar. Ələsgər İkinci dünya müharibəsi illərində doğulduğundan ailə yarıac, yarıtox dolanır. Onun atası bütün günü gərgin əməklə məşğul olur, anası isə zavoda, dəmir-dümürlə işləyir.

***

Ələsgər orta məktəbi başa vuran ərəfələrdə onun atası gərgin əmək fəaliyyəti ilə məşğul olduğundan əmək qabiliyyətini itirir. Ailədə yeganə işləyən Ələsgərin anası olur. Onun qazancı isə heç nəyə çatmır.

***

Ələsgər bütün çətinliklərə baxmayaraq Dövlət Neft Akademiyasında təhsil ala bilir. Oranı bitirdikdən sonra isə ailəni dolandırmaqdan ötrü cürbəcür çətin işlərdə çalışmağa başlayır. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi olur.

Onun kinoya gəlişi isə təsadüfən olur. Belə ki, Ələsgərlə kinorejissor Arif Babayevlə qonşu idilər. Qəddi-qamətli, yaraşıqlı oğlanın varlığı rejissorun nəzərindən qaçmır. Onun damda quş uçurtması Arif Babayevin xoşuna gəlməsə də, Ələsgərin kino üçün yarandığına əmin olur. Onu bir gün kinoya çəkəcəyini özü üçün dəqiqləşdirir.

***

Bir gün işdən evə gələn Arif Babayev damda yenə Ələsgəri quş uçuran görür. Öz-özünə düşünür ki, ilahi, necə də Yan Mareyə oxşayır, bu niyə quş uçurtmaqla məşğul olur axı? Elə bu düşüncənin ardınca o, Ələsgəri aşağı – yanına çağırır. Bir az hal-əhvaldan sonra onun işsiz olduğunu bilən rejissor Ələsgəri kinostudiyaya çağırır. Növbəti gün Ələsgər “Azərbaycanfilm” kinostudiyasına gəlir. Arif Babayevin təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər.

***

Çox keçmir, rejissor onu çəkəcəyi filmə dəvət edir. Arif Babayevin “İnsan məskən salır” filmində Ramiz obrazı Ələsgər İbrahimovun kinoda debütü olur. İllər keçir, kinoya çəkilməklə, kino sexində mühəndis işləməklə yanaşı, quşbazlığından da qalmır. Əksinə, bu sahədə bir az da irəli gedib, kinostudiyanın damında da göyərçin saxlayır.

Kinostudiyanın ovaxtkı direktoru Adil İsgəndərov onu filmdə görüb bəyənir və axşamlar açdığı kino aktyoru kursuna dəvət edir, onun çox yaxşı aktyor olacağını deyir.

***

Ələsgər İbrahimovun aludəçiliyi yalnız quşbazlıq deyildi. O, hər gün içirdi. Evdə də, işdə də dama çıxıb göyərçinlərini yemləyir, onlara sevgi göstərir.

***

Həmin ərəfədə Ələsgər bir qız sevir. Onlar hər gün birlikdə kinostudiyadan çıxır, qol-boyun dəniz kənarına gedirlər. Sevdiyi qızın Ələsgərdən bircə xahişi onun içkidən əl çəkməsi idi. Ələsgər isə nə zərərli vərdişindən əl çəkir, nə də evlənmək barədə düşünür.

***

Aktyorla təxminən eyni – 37 yaşda olan qız günlərin birində qapılarına gələn elçilərə “hə” cavabı verir. Əlində nişan üzüyü ilə Ələsgərin görüşünə gəlir. Lakin bu barədə sevgilisinə heç nə deyə bilmir.

Ələsgərin sevdiyi qız başqası ilə ailə qurur, az keçmir, qonşuların şikayəti nəticəsində kinostudiyanın üstündəki göyərçin hini məsələsi də məhkəməyə qədər gedib çıxır. Göyərçin hini kinostudiyanın rəhbərliyi tərəfindən dağıdılır və həmişəlik qadağan olunur.

***

Bu vaxta qədər isə Ələsgər İbrahimov “Bizi dağlarda axtarın”, “Dvorjakın melodiyası”, “Ömrün ilk saatı”, “Qaraca qız”, “Torpaq, Dəniz, Od, Səma”, “Yeddi oğul istərəm” filmlərinə çəkilmişdi.

***

Çəkildiyi filmlərlə böyük məşhurluq qazanan aktyor insanlar tərəfindən çox sevilir. Kinostudiyada ona Yan Mare, küçədə isə Alen Delon deyirlər.

***

Ələsgər İbrahimova böyük uğur gətirən obrazlarından biri “Yeddi oğul istərəm” filmindəki Zalımoğlu olur. Filmə çəkilərkən yaşadığı ən böyük problem isə at çapa bilməməsi idi. İçərişəhərli olduğu üçün ömründə at çapmayan aktyorun at üstündə olan hissələrinə onun dublyoru çəkilir.

Dostlarının sözlərinə görə, Ələsgər İbrahimov mərd adam imiş, tikəsini dostla, yoldaşla bölərmiş. Kimsəyə qüruruna toxunmağa icazə verməzmiş. Quş damının uçurdulmasını heç cür həzm edə bilmirdi. Buna görə vurub kinostudiya işçilərindən birinin çənəsini sındırır.

***

Yersiz zarafatı da götürməzmiş. Bir sözlə, həyatda da elə kinolardakı obrazlarındakı kimi sərt adam olub.

Beləliklə heç vaxt ailə qurmayan, sevdiyi qızı və göyərçinlərini itirən Ələsgər daha çox özünə qapanır və içkiyə daha çox bağlanır. O, günlərlə, saatlarla mənzilindən çıxmır, bəzən günlərlə onu axtarıb bağlı qapı arxasında boş araq şüşələrinin arasında yatmış vəziyyətdə tapırlar. Yaşadığı çətin və qeyri-normal həyat tərzi Ələsgərin səhhətindən xətərsiz ötüşmür. O, çənə xərçəngi xəstəliyinə yoluxur.

***

1979-cu ildə Ələsgər 37 yaşında tənha vəziyyətdə dünyasını dəyişir. Ələsgər üçün heç yas mərasimi də keçirilmir. Dəfndən sonra onun məzarına təkcə sevdiyi qadın gedib acı göz yaşı tökür, çiçək dəstələri qoyur.

Deyilənə görə, həmin qız sonradan bəstəkar kimi böyük uğurlar əldə edir, Xalq artisti adına qədər yüksəlib. Zalımoğlunun məzarının yeri isə baxımsızlıqdan, kimsəsizlikdən torpağa batıb yoxa çıxır.

***

Aktyor dostu Rafiq Əzimov sonralar müsahibələrinin birində Ələsgəri xatırlayaraq deyir:

“Ələsgər bizim hamımızın yaralı yeridir, onun ölümü bizi məhv etdi. Biz onu “Yeddi oğul istərəm”dən qabaq başqa filmlərdən tanıyırdıq. Çox yaraşıqlı oğlan idi. O vaxt İçərişəhərdə üç-dörd yaraşıqlı oğlan var idisə, biri də Ələsgər idi. Filmdən sonra daha yaxın olmuşduq. Bir müddət sonra o xəstəliyə tutuldu. Onu görmək üçün yanına getdik. Mən onu görəndə inanmadım, o cür boy-buxunlu, yaraşıqlı adam çox pis halda idi. Ağlamaq tutdu məni. Ağır xəstəliyə tutulmuşdu. Sonralar necə oldu bilmədik. Çünki “Yeddi oğul istərəm”dən sonra hər il bir filmə çəkildik. Başımız qarışdı çəkilişlərə, bir də xəbər tutuq ki, Ələsgər artıq həyatda yoxdur. Bu bizə çox pis təsir etmişdi…”

***

2007-ci ildə yeddi oğuldan biri Ənvər Həsənov öz həmkarı haqda “Yeddi oğuldan biri” adlı film çəkir. Film nümayişə yararlı olmadığı üçün tamaşaçılara təqdim olunmur. /Kulis.az