SEVGİSİNDƏN ÖLKƏMİZDƏ HƏR KƏSƏ PAY DÜŞƏN XANIM LİDER!backend

Bu gün – avqustun 26-ı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür.

Mehriban xanımın Azərbaycanın ictimai-siyasi, mədəni-mənəvi həyatındakı saysız-hesabsız xidmətləri barədə istənilən qədər danışmaq olar və danışılmalıdır.

Azərbaycan tarixinə adları qızıl hərflərlə yazılmış bir çox görkəmli xanım dövlət xadimlərimiz və siyasətçilərimiz olmuşdur. Onlardan Əhəməni hökmdarı Kirin başını bədənindən üzən Massaget hökmdarı Tomrisin, Təbrizi Xarəzmşah Cəlaləddinin qoşunlarından qəhrəmanlıqla müdafiə edən Mehrcan xanımın, Uzun Həsənin anası Sara xatunun, I Şah Təhmasibin qızı Pərixan xanımın və bir çox başqalarının adlarını qürurla çəkmək olar.

Mehriban xanım tariximizdə dövlət və siyasət xadimi kimi iz qoyan həmin xanımlarımızın tarixi ənənəsini bu gün böyük bacarıq və qabiliyyətlə yüksək səviyyədə davam etdirən Xanım Liderdir. Amma onu həmin xanımların hamısından fərqləndirən bir xüsusiyyət var: Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir və hansı sahədə fəaliyyət göstərirsə, gördüyü işi sevgi ilə görür, onun sevgisindən, qayğısından hər kəsə pay düşür.

Mən mədəniyyət sahəsindəki fəaliyyətindən başlamaq istərdim. Mədəniyyət Fondunun rəhbəri, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri kimi Azərbaycan mədəniyyətinin qorunması, təbliği, dünyaya tanıdılması, bu sahədəki çoxlu yerli və beynəlxalq layihələr, Azərbaycanın maddi və qeyri-maddi irsinin beynəlxalq siyahı və kataloqlara salınması və s. və i. a. Bütün bunları vətəninə, millətinə və dövlətinə sonsuz sevgi, sədaqət və hörmət olmadan bu qədər yüksək səviyyədə həyata keçirmək olmazdı.

Bu gün Azərbaycanda elə rayon yoxdur ki, gəzib-dolandıqca qarşına Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş, təmir olunmuş onlarla məktəb, bağça, xəstəxana, tibb məntəqəsi, mədəniyyət ocağı çıxmasın. Bütün bunlar insanlarımız, onların balalarının rifahı üçün edilib, edilir və insanlar bunu minnətdarlıqla dilə gətirirlər.

Mehriban xanımın birbaşa dəstəyi ilə öz sağlamlığına qovuşan, bu və ya digər problemlərini həll edən insanların sayı-hesabı yoxdur.

İdmanın inkişafı sahəsindəki uğurları bitib-tükənməzdir!

Qaçqın, köçkün ailələrə baş çəkib, onların yarasına məlhəm olduğunu, əlil, xəstə uşaqları nəvazişlə bağrına basdığını az görməmişik.

Pandemiya dövründə ilk gündən xalqının yanında oldu, şəxsən Mehriban xanımın təşəbbüsü ilə rayonlara yüz minlərlə ərzaq bağlamaları göndərildi, insanlarımızın ərzaqla sınağa çəkilməsinə imkan vermədi.

Təbii ki, Mehriban xanımın çoxşaxəli fəaliyyəti haqqında cild-cild kitablar yazmaq olar. Amma mən Mehriban xanımın tarixdə əbədi qalacaq, dərsliklərə düşəcək bir tarixi missiyasını da qeyd etməyə bilmərəm. 44 günlük Vətən müharibəsində Azərbaycan son 250 ildə analoqu olmayan bir tarixi Zəfər qazandı, ilk dəfə olaraq işğal altındakı torpaqlarımızı vəhşi düşməndən azad etdik. Heç şübhəsiz, bu, ilk növbədə Müzəffər Ali Baş Komandanımızın hərbi-siyasi gücü, istedadı, iradəsi, dözümü, qəhrəmanlığı ilə həyata keçirildi. Cənab Prezidentimiz xalqımızın başını göylərə ucaltdı. Sözsüz ki, Qələbədə rəşadətli ordumuzun və milli birlik, həmrəylik nümayiş etdirən xalqımızın, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın müstəsna xidmətlərini qeyd etməmək olmaz, amma hamısının fövqündə Cənab Prezidentin Lider və Sərkərdə qüdrəti dayandı. 44 gün ərzində Cənab Prezident tək erməni ilə yox, bütün dünya ilə vuruşdu, ölkələrlə, diplomatlarla, media nümayəndələri ilə təkbətək, qladiator savaşına çıxdı, gecə-gündüz çarpışdı. Azərbaycan dövlətinin, Azərbaycan xalqının haqqını müdafiə etdi. Hər axşam hamının gözü efirdə, Cənab Prezidentdə idi. Cənab Prezidentin nümayiş etdirdiyi qətiyyəti, iradəni hər gün qürurla izlədik. Amma həmin vaxt Cənab Prezidentin yanında ona mənəvi dayaq, arxa olan bir insan da vardı – ömür-gün yoldaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva. Təbii ki, efirdən biz Onu görmürdük, amma Mehriban xanımın 44 gün ərzində hər an Cənab Prezidentin yanında olduğunu təxmin etmək çətin məsələ deyildi. Mehriban xanım hər an öz böyük sevgisi, qayğısı ilə həyat yoldaşının, ailəsinin, övladlarının yanında idi, həmişə böyük sevgi ilə xalqının, dövlətinin yanında olduğu kimi… Postmüharibə dövründə işğaldan azad olunmuş rayonlara çoxsaylı birgə səfərləri zamanı biz bunu bir daha müşahidə etdik və etməkdə davam edirik…

Əziz Ələkbərli, Milli Məclisin deputatı