Sevinc Fətəliyeva: “Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir”backend

“Mayın 12-də Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı öz işinə başlayıb. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində keçirilən festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Bu festivalın özəlliyi ondan ibarətdir ki, bir sıra xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar”.

Bu fikirləri “Yeni Gündəmə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ilk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival İkinci Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra – ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, – demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir. “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Çox sevindirici haldır ki, hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Eləcə də, dövlətimiz Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Şuşa Azərbaycan xalqının milli sərvətidir. Dövlətimizin başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha sübut edir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilməyiblər. Uzun illərdən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bizlərə belə bir qürurlu günlər yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımız başda olmaqla qəhrəman hərbçilərimizə borcluyuq.

“V Xarıbülbül” musiqi festivalının özəlliyi ondan ibarətdir ki, bu tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Onların da proqramları festivalda təqdim olunur. Ötənilki festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların münayəndələri çıxış etmişdilər. 44 günlük müharibə ərzində də torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə ərazi bütövlüyümüz bərpa olundu. Bu fakt Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin nə dərəcədə qorunmasının və inkişaf etməsinin göstəricisidir. V Festivalda digər ölkələrinin nümayəndələrinin iştirakı isə Şuşa şəhərinin böyük bir regionun mədəniyyət mərkəzinə çevrilməsinin ifadəsidir”.