“Şəxsi həyatlarını, intim əlaqələrini paylaşırlar, əsasən də xanımlar…” – Psixoloqbackend

“Ərim məni bacımla aldatdı”, “Məni bacısına qısqanırdı” və s. oxşar başlıqlı yazılara xəbər lentində tez-tez rast gəlinir. Bir sözlə, ailədaxili xəyanətlər seriyası cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hallara nümunə olaraq aktrisa Nəzakət Məmmədovanın efir zamanı keçmiş ərinin ona öz qardaşı arvadı ilə xəyanət etməsi ilə bağlı açıqlama günlərdir gündəm mövzusu olaraq qalır.

Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, bu cür mövzuların efirdə müzakirəsi xəyanəti təbliğ etməkdir:

“Şəxsi mövzuları müzakirə etmək doğru deyil. İnsan varsa, yaşadıqları vardır. Həll edə bilirsə, problemlər elə ailə daxilində həll olunmalıdır. Konsultasiyalarda bu kimi hallarla tez-tez rastlaşıram, amma bunu efir vasitəsilə danışmaq xəyanəti təbliğ etməkdir. Nə çox danışılarsa, dəbə minər, sonra adi hal alar.

Reytinq xətrinə məşhurların şəxsi həyatını realiti-şou-ya çevirmə qonağı, haqlı olduğu halda, kütlənin gözündən sala bilir. Çünki məsələdə şəxsin nə yaşadıqları, nələr hiss etməsi önəmli deyil, veriliş üçün fokuslanma vacibdir, danışdığı məsələyə yönəldir. Məqsəd ajiotaj yaratmaqdır. Bir çox hallarda bu hal səhv təbliğata çevrilir.

Ailədaxili xəyanətlər isə o zaman baş verir ki, qohumluq, yaxud ailə dostluqları münasibətlərində qadın, yaxud kişilər öz şəxsi həyatlarını, hətta intim əlaqələrini belə paylaşırlar. Əsasən də xanımlar. Yəni şəxsi deyilən məsələ qalmır. Bütün pərdələr qalxır. Bəzən açıq zarafatlara da yol verilir. Əsas səbəblərdən biri ailələrin normadan artıq, sıx münasibətləri və sərhədlərin yoxluğundan yaranır”.