Siracın son paylaşımı da Kəlbəcərdən olub… – FOTObackend

Bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun feysbuk hesabında son paylaşımı da Kəlbəcər rayonu ilə bağlı olub.

“Yeni Gündəm” xəbər verir ki, o, mayın 31-i Kəlbəcər dağlarında çəkilmiş mənzərəni paylaşıb. Mərhum operator özü də Qubadlı rayonunda doğulub və məcburi köçkün kimi Bakıda məskunlaşıb. Onun sosial şəbəkədə indiyə qədərki əksər paylaşımları işğaldan azad olunmuş rayonlarımızla bağlıdır.

S. Abışov mayın əvvəllərində işğaldan azad edilən rayonlara ezam olunduğu çəkilişlərlə bağlı danışarkən bütün kadrları yaşadığını, hiss etdiyini, həmin kadrlara 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxaraq çəkdiyini vurğulayıb. Hər evi gördükcə Qubadlıda öz evlərini xatırladığını bildirib.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalistin olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.