“SMS icazə ləğv olunsun” – AÇIQLAMAbackend

Azərbaycanda koronavirusa yoluxmanın pik dövründən bəri ilk dəfə yaxşılığa doğru statistika açıqlandı. İyulun 13-də 529 yeni yoluxan olmuşdusa, sağalanlar xəstələri üstələyərək 547 nəfər idi. Bu, istənilən halda müsbət tendensiyanın ismarışıdır. Əgər son bir həftədə açıqlanan rəqəmlər müsbət istiqamətdə inkişaf edərsə, Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejimi ilə bağlı yumşaldıcı addımlara gedə bilər. Lakin tələsməyə və erkən proqnoz verməyə dəyməz. Əvvəla, qarşıda bir neçə gün var və 20 iyuldan sonra sərt karantin rejiminin uzadılıb-uzadılmayacağı gedişatdan, aparılan təhlillərdən asılı olacaq. Həkimlər isə karantinin uzadılmasını əhəmiyyətsiz hesab edirlər və karantin qaydalarına nəzarətin gücləndirilməsini vacib sayırlar. Yəni əllərin dezinfeksiya olunması, tibbi maskadan istifadə və sosial izolyasiyanın gözlənməsi ilə əlaqədar nəzarət artırılsın, insanlara sərbəstlik verilsin, bölgələrə gediş-gəliş açılsın.

Amma o da var ki, mayda karantinin eynilə yumşaldılması ciddi fəsadlar verdi: yoluxma kəskin artdı, ölənlər çoxaldı və dövlət yenidən əhalini evə qapatmağa məcbur qaldı. Ona görə də iyulun 20-dən sonra mərhələli yumşalma qərarlarının veriləcəyi daha çox ağlabatandır.

Yeri gəlmişkən, iyulun 20-dən sonra buraxılış və qəbul imtahanlarının keçirilməsinə icazə verilməsi prosesin tərkib hissəsi sayıla bilər. Bu halda nə edək, 20-dən sonra sərt karantini uzatmağa ehtiyac varmı?

Respublikanın baş infeksionisti Cəlal İsayevin bildirdiyinə görə, yoluxmaların 500 civarında qalması müsbət tendensiyadır, sağalanların artması da xoş haldır, lakin tələsmək olmaz.

“Biz gözləməliyik ki, bu gün, sabah və həftə sonuna qədər yoluxma, sağalma sayında hansı nəticələr əldə olunacaq. İndidən çox tezdir demək ki, bir gün sağalan çox olubsa, sərt karantindən çıxaq. Amma stabilləşmə müşahidə olunur, 500-550 arası rəqəmlər dəyişir. Hər halda, yaxşı göstəricidir. Sadəcə, bir günlə heç nəyi proqnozlaşdırmaq olmaz”.  C.İsayev qeyd etdi ki, həftəsonu gedişata baxacağıq və analiz edib sərt karantin rejimi ilə bağlı qərar verə bilərik.

O, professor Adil Qeybullanın “Gündə 2 mindən çox adam yoluxur, sadəcə, müraciət etmirlər, evdə müalicə olunurlar” iddiasına belə şərh verdi: “Adil müəllim bir az qabardıb. Düzdür, xəstələrin bir qismi müraciət etmirlər, amma bir qismi də özünün xəbəri olmadan xəstəliyi keçirir. Faktiki rəsmi müraciət 500-lərdə dayanıb. Eyni zamanda evlərdə xəstələrə poliklinika həkimləri tərəfindən nəzarət olunur. Kim həkimsiz müalicə olunursa, səhv edir. Bu şəxslər həm öz vəziyyətini ağırlaşdıra bilər, həm başqasını yoluxdurar”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, bu günə kimi karantinin rejiminin nəticələrinin Operativ Qərargah tərəfindən analiz edilməsinə şahid olmamışıq. Ekspertin sözlərinə gör, iyunda 4 gün  – şənbə-bazar və bazar ertəsi heç yerdə görünməmiş sərt karantin rejimi tətbiq olundu və heç bir nəticəsi olmadı. “Operativ Qərargah tərəfindən də etiraf edildi ki, həftəsonları qadağalar effekt vermədi. Amma niyə effektsiz olmasının səbəblərini cəmiyyətə izah edə bilmədilər. Eyni zamanda SMS icazənin bərpası əvvəlki dövrdən ciddi fərqləndi, yoluxmanı nəinki azalmadı, artdı belə. Ona görə bu karantin tədbirlərinin heç bir əhəmiyyəti qalmayıb. Artıq neçə gündür metro işləmir, həftəsonları ictimai nəqliyyat dayanır. Amma görülən bu tədbirlərin modelləşdirilməsi varmı?”, – deyə N.Cəfərli sual edir.   İqtisadçı hesab edir ki, aprel və mayda karantin tədbirləri effekt verə bilərdi: “Bütün dünyada həmin vaxt məqsəd ondan ibarət idi ki, səhiyyə sistemi prosesə hazır olsun. İndi insanlar virusla bağlı daha məlumatlıdırlar, Azərbaycanda modul tipli xəstəxanalar tikilib, sosial reklam çarxları çəkilib, maarifləndirici addımlar atılıb, çox yaxşı haldır ki, vətəndaşlar superamerketlərə maskasız girmirlər.  Ona görə iyulun 20-dən sonra karantinin uzadılmasının heç bir tibbi, iqtisadi, sosial əhəmiyyəti qalmır. Sadəcə, açılım mərhələli ola bilər”.

N.Cəfərli təklif edir ki, ayın 20-dən SMS icazə sistemi ləğv olunsun, bərbərxanalar, qeyri-ərzaq dükanları açılsın, kafelərin açıq havada işləməsinə icazə verilsin, insanlar çimərliklərə buraxılsın: “Avqustun 1-dən isə karantin rejimindən tamamilə çıxmaq lazımdır. Əvəzində maska, dezinfekisya, sosial məsafə ilə bağlı nəzarət artırıla, bir mexanizm hazırlana bilər. Çünki atılan addımlar psixoloji gərginliyi azalda, sosial-iqtisadi vəziyyəti düzəldə bilər. İnsanların sosial vəziyyəti getdikcə ağırlaşır”.

Bu arada onu da yada salaq ki, Kubadan 115 həkim Azərbaycana təşrif buyurub və onlar koronavirus xəstələrinin müalicəsi ilə məşğul olacaqlar. Cəmiyyətdə niyə məhz kubalı həkimlərin gəlməsi barədə tez-tez suallar verilir. Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə açıqladığı rəsmi statistikaya görə, Kuba səhiyyəsi dünya birincisi olub. Ümumiyyətlə, bu kommunist ölkəsində səhiyyə yüksək səviyyədə inkişaf edib və Amerikadan, Avropanın aparıcı ölkələrindən Kuba səhiyyəsinə müraciət edən xəstələr var. Ekspertlər belə bir fakta diqqəti cəlb ediblər ki, ölkədə bütün vətəndaşlara yüksək keyfiyyətli pulsuz tibbi yardım göstərilir. Onlarda həmçinin yoluxucu xəstəliklərin kökünün kəsilməsinə qarşı yönəldilmiş kampaniyalar da xüsusi təəssürat oyadıb. Kuba öz səhiyyə sistemini lazımi səviyyədə saxlamaqla yanaşı, xarici mütəxəssislərin təhsili ilə də məşğul olur və 32-dən artıq ölkədəki həmkarlarına yardım edir.

ÜST-in qeyd etdiyi kimi, Kuba biotexnologiyalar, xərçəng əleyhinə vaksinlərin hazırlanmasında da son dərəcə irəli gedib. Ölkə dünyanın təxminən 40 ölkəsinə tibb məhsulları satır