SOCAR-dan benzinlə bağlı VACİB AÇIQLAMAbackend

Ukraynada 57 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan şəbəkəsi “SOCAR Energy Ukraine” cari ilin iyun ayında benzin idxalını ötən ilki həcminə çatdırıb.

“Yeni Gündəm” xəbər verir ki, bunu SOCAR-ın Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma şəbəkəsinin direktoru İqor Orlov Ukrayna nəşrinə müsahibəsində deyib.”Özümüzə məxsus və icarəyə götürülmüş yanacaq daşıyan maşınlarımızla həftədə 15-dən çox reys həyata keçiririk. Müharibə başlayandan sonra biz çatdırılma coğrafiyasını xeyli genişləndirmişik. Almaniya, İtaliya, Finlandiya, Yunanıstan və s. ölkələrə məhsul idxal etməyə başladıq. Həmçinin, ənənəvi istiqamətlərimiz də qalmaqdadır: Slovakiya, Polşa, Litva, Rumıniya və Moldova. İyul ayından Bolqarıstandan öz benzinimizi idxal etməyə başladıq.

Şirkətimiz üçün yenidənqurma işi daha asan oldu, çünki biz heç vaxt Belarusdan, Rusiyadan və yerli istehsal olan yanacaq satmamışıq. Lakin eyni zamanda, dəniz yolu ilə idxal imkanını əldən verərək, logistik problemlərlə də üzləşdik”, – İ.Orlov bildirib.

O hesab edir ki, şirkət idxalın ikiqat səviyyəsinə çata bilər, lakin bu, təkcə Ukraynadan deyil, həm də idxal edən ölkələrdən asılıdır:

“Avropanın infrastrukturu Ukraynanı belə həcmdə təmin etmək üçün nəzərdə tutulmamışdı. Ukrayna hökuməti və “Ukrzaliznitsa” digər ölkələrlə münasibətləri genişləndirmək imkanlarını müzakirə edir.

Bir misal göstərim, bu yaxınlarda iqtisadiyyat naziri Yuliya Sviridenko Polşa ilə sərhədə yaxın olan aşırım məntəqəsinə getdi. O, Polşa rəsmiləri ilə razılaşdı ki, aşırma məntəqəsi bir deyil, üç növbədə işləyəcək. Nəticədə ötürücülük 3 dəfə artıb.

Amma Avropada təsir etmək mümkün olmayan bir çox başqa nüanslar var. Məsələn, onların qaydalarına görə, havanın temperaturu 35 dərəcədən yuxarı qalxarsa, o zaman yanacaqla hərəkət edən qatarlar dayanmalıdır. Bu, çatdırılmaların ritminə əhəmiyyətli dərəcədə təsir edir, əsasən də indi çöldə istilər olan zaman.”

Onun sözlərinə görə, Ukrayna müharibə başlamazdan əvvəl ölkədə istehlak edilən neft məhsullarının 70 %-ni əsasən Rusiya, Belarus və dəniz yolu ilə idxal edib.

O vurğulayıb ki, hazırda bu kanallar tamamilə bağlanıb: “Bundan başqa, Rusiya raketləri Ukraynanın 20-yə yaxın neft anbarını məhv edib. Həmçinin hərbi əməliyyatlar nəticəsində ölkədə benzin istehlakının təxminən yarısını təmin edən Kremençuq və Şebelinski neftayırma zavodlarının fəaliyyəti dayanıb.

İndi xaricdən gətirilən neft məhsulları yanacaq daşıyan maşınlar və dəmiryol çənləri ilə qərb sərhədindən keçirilir – yanacaq neft bazalarından yan keçərək birbaşa yanacaqdoldurma məntəqələrinə gedir. “Naftorinka”nın məlumatına görə, iyun ayında Ukrayna dizel, benzin və mayeləşdirilmiş təbii qaz idxalını sutkada 20 min tona çatdırıb. May ayı ilə müqayisədə dizel yanacağı 70 %, benzin 40-45 % artıb. Apreldə belə həcmləri ancaq xəyal etmək olardı, o zaman Ukraynaya maksimum tədarük 10 min ton səviyyəsində idi”.