SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi – Fotobackend

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda Şuranın üzvləri, Dövlət Neft Şirkətinin rəhbər şəxsləri iştirak ediblər.

Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, hazırda Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Dövlət başçısının Fərmanı ilə yaradılmış Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası Dövlət Neft Şirkətinin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaq.

İclasda Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

image-1-1 image-2-4 image-3