Qeyd edək ki, bu, yanvardan bəri soğanın ikinci bahalaşmasıdır. Ötən ilin dekabrında soğanın Türkiyəyə ixracı başlanandan az sonra Azərbaycanda bu məhsulun qiyməti ikiqat bahalaşaraq 40-45 qəpikdən 85-90 qəpiyə yüksəlib. Novruz bayramı günlərində isə qiymət 50 faizədək artaraq 1,2-1,5 manat olub.
Sonuncu artım cəmiyyətdə böyük narazılığa səbəb olmaqdadır. Məsələ burasındadır ki, hər il mart-aprel aylarında köhnə soğanın qiymətində müəyyən bahalaşma qeydə alınır. Bu, sırf mövsümi amillərlə bağlı olur – ötən ildən qalan məhsul azalır, faraş soğan isə hələ yetişmədiyi üçün bazarda qiymət yüksəlir. Bu zaman qiymət artımı 25-30 faiz aralığında dəyişir – məsələn, soğanın kiloqramı 45-50 qəpikdən 60-65 qəpiyədək artır. Lakin indi mövsümi amillə yanaşı, məhsulun ixracının artmasına dair məlumatlar da yayılmaqdadır ki, bu da əhalidə narazılıq yaradır. Son vaxtlar Türkiyə və Ukrayna bazarlarında Azərbaycan soğanının həcminin artdığı bildirilir. Bu fonda yanvardan bəri soğanın qiyməti indiyədək Azərbaycanda görünməmiş səviyyəyə çatıb. Mövcud qiymətlərin bir qədər də artması isə əhalinin büdcəsində ciddi xərcə səbəb olur.
Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib. 2017-ci ildə isə istehsal 207 min 497 ton olub. Maraqlıdır ki, 2018-ci ildə istehsal artsa da, ixrac 2017-ci ildən az olub. Belə ki, 2017-ci ildə ixrac 56 min 612 ton, 2018-ci ildə isə 40,6 min ton təşkil edib.
Bu rəqəmlərə baxanda, istehsalın artıb, ixracın azalması fonunda qiymətlərin birdən-birə yüksəlməsi qeyri-adekvat görünür. Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan Türkiyəyə soğan ixracı ötən ilin dekabrında başlayıb. Türkiyə hökuməti dekabr ayında daxili bazarda məhsul qıtlığı və qiymət artımını aradan qaldırmaq üçün soğan idxalına tətbiq etdiyi 49,5 faizlik rüsumu qaldırıb. Eyni zamanda Azərbaycandan soğan idxalına yaşıl işıq yandırılıb.
Türkiyədə idxal rüsumunun ləğvi fevralın 28-dək olan müddət üçün nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, Azərbaycandan Türkiyəyə soğan ixracı yanvar-fevral aylarında daha yüksək həcmlərdə reallaşa bilərdi. Belə ki, ötən il ərzində Türkiyəyə cəmi 65,32 min dollar dəyərində 334,24 ton soğan ixrac olunub. Təəssüf ki, bayram günləri olduğu üçün yanvar-fevral ayları üzrə ixrac həcmlərinə dair məlumatı əldə edə bilmədik. Bu rəqəmlər olsaydı, qiymət artımında ixrac faktorunun rolunu daha dəqiq müəyyənləşdirmək mümkün olardı.
Amma əldə olan gömrük statistikası müəyyən nəticəyə gəlməyə əsas verir. Belə ki, bu ilin 2 ayında Azərbaycandan xaricə cəmi meyvə-tərəvəz ixracı 75 milyon 972,49 min dollar təşkil edib. Bunun 70 milyon 189,08 min dolları pomidor, meşə fındığı, alma və xurmanın payıdır. Soğan ixracı yerdə qalan 5 milyon 783,41 min dollara daxildir. Hətta bu məbləğin hamısının soğan ixracını ifadə etdiyini düşünsək belə (hansı ki, bu, real deyil), kiloqramı ortalama 19 sentə(ötən il soğan Türkiyəyə bu qiymətə ixrac edilib) – təxminən 35 qəpiyə ixrac olunan soğanın yanvar-fevralda xaricə satış həcmi maksimum 30 min ton təşkil edə bilərdi. 233 min ton istehsalın olduğu bir şəraitdə 70 min ton ixracın(ötən ilki 40 min tonla birlikdə) mövcud daxili tələbat fonunda hansısa qiymət dəyişikliyinə gətirməsi isə normal bazar şəraitində mümkün görünmür. Çünki Azərbaycanda illik soğan istehlakı 154-155 min ton aralığında dəyişir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2017-ci ildə quru soğanın ərzaq məhsulu kimi istehlakı 154 min 639 ton təşkil edib. İstehsal olunan 207 min tondan yuxarı məhsulun 12 min 676 tonu itkiyə gedib, 56 min 612 tonu ixrac olunub, 210 tondan isə toxumluq kimi istifadə edilib.
Yeri gəlmişkən, Azərbaycan soğanının ənənəvi alıcısı Rusiyadır. Yəni soğan ixracı bir qayda olaraq az həcmdə bu ölkəyə reallaşıb. Ötən il ölkəmizdən Ukraynaya 1 milyon 25,24 min dollar dəyərində 6 min 431,31 ton, Rusiyaya isə 2 milyon 925,24 min dollar dəyərində 7 min 24,08 ton soğan ixrac edilib.
2017-ci ildə isə Ukraynaya cəmi 100 ton, Rusiyaya 9 milyon 863,15 min dollar dəyərində 24 min 60 ton soğan satılıb.
2017-ci ildə soğanımızın əsas alıcılarından biri də Türkmənistan olub – 2 milyon 46,6 min dollar dəyərində 11 min 681.21 ton məhsul alıblar bizdən. Ötən il isə nədənsə Türkmənistana cəmi 895 ton soğan ixrac olunub.
Maraqlıdır ki, yanvar ayında Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri anbarlarda kifayət qədər soğan ehtiyatının olduğunu bildiriblər. Onların rəyinə görə, ehtiyatlar daxili tələbatın tam ödənməsinə, daxildə heç bir qiymət artımı olmadan 3-4 milyon dollarlıq məhsulun ixracına imkan verir. Bu halda sual yaranır ki, məhsul boldursa, qiymətləri bahalaşdıran nədir?
Bazardakı satıcılarla söhbətdən məlum olur ki, topdansatış mərkəzlərində məhsul qıtlığı yoxdur. Yəni istənilən qədər məhsul götürmək mümkündür. Lakin son bir həftədə topdansatış mərkəzlərində qiymət 0,9-1 manata qaldırılıb.
Yuxarıda qeyd olunanlar bu nəticəyə gəlməyə əsas verir ki, bu gün Azərbaycanda soğanın qiymətinin kəskin bahalaşması üçün iqtisadi əsas yoxdur. Bu isə o deməkdir ki, bazar yenə inhisarçıların diqtəsinə məruz qalır. Çünki hazırda bazara çıxarılan məhsulun böyük əksəriyyəti saxlama anbarlarından gətirilir. Belə anbarların sahibi isə iri inhisarçılardır. Xırda və orta istehsalçıların saxlama anbarları tikmək imkanları yoxdur. Anbar sahibləri isə saxlama üçün qəsdən yüksək qiymət tətbiq edirlər ki, istehsalçılar məhsulu satmaq məcburiyyətində qalsınlar.
Belə vəziyyət yalnız soğan deyil, əksər kənd təsərrüfatı məhsulları üzrə müşahidə olunmaqdadır.Təəssüf ki, dövlətin güzəştli kreditləri hesabına inşa olunan saxlama anbarları hazırda iri inhisarçıların bazara diqtəsinə yol açan vasitələrdən birinə çevrilib.