ŞOK AÇIQLAMA: “Rəşad tək olmayıb, əvvəlcə döyüblər…” – VİDEObackend

Xəbər verdiyimiz kimi, bu gün tanınmış meyxanaçı Rəşad Dağlı 1979-cü il təvəllüdlü İsgəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

“Yeni Gundem” xəbər verir ki, mübahisənin İsgəndər Mehdiyevin R.Dağlıya bir neçə dəfə zəng etməsindən başladığı iddia edilir. Bildirilir ki, Rəşad Dağlının bir meyxana zamanı narkotik satanların ünvanına işlətdiyi ağır sözlərə görə İ.Mehdiyev onu təhqir edib. R.Dağlı isə bu təhqirlərə dözməyərək, qətl törədib. İ.Mehdiyev narkotik satışına görə uzun müddət həbsdə olub və az öncə azadlığa çıxıbmış.

Baku TV-nin əməkdaşları İ.Mehdiyevin yaşadığı ünvanda olublar və onun qardaşı, o cümlədən yas hazırlığı görən insanlarla söhbətləşiblər. Bu zaman İ.Mehdiyevin nəşi də evinə gətirilib.

İsgəndər Mehdiyevin qardaşı deyib ki, hadisədən məlumatsızdır:

“Səhər-səhər görüşüblər, çıxıb gediblər. Bilinmir nə səbəbə olub. İndi isti-istidir, bilmirəm söhbəti. Mən yatmışdım, iş adamıyam, xəbər verdilər ki, bu hadisə olub (qeyd edək ki, hadisənin səhər tezdən, 05 radələrində olduğu bildirilir – red.). Hərə bir söz deyəcək, ancaq hələ əsl səbəbi bilinmir”.

O bildirib ki, qardaşı 26 oktyabrda həbsdən çıxıb.

İ.Mehdiyevin qardaşı onu da deyib ki, əvvəllər Rəşadla İsgəndərin münasibəti yaxşı olub, onun özünün də meyxanaçı ilə normal əlaqəsi var.

Yas yerində olan qohumlardan biri isə iddia edib ki, səhər obaşdan İsgəndəri Rəşad gəlib evdən aparıb:

“Onu döyüblər, sir-sifətini də əziblər. Bu, tək adamın işi deyil”.

Buna baxmayaraq, İsgəndərin qardaşı yenə də hadisənin səbəbi və baş verənlərin dəqiq bilinmədiyini deyib.

O bildirib ki, 43 yaşlı İ.Mehdiyev subay olub, anası isə bir müddət öncə dünyasını dəyişib, 40-ı yenicə çıxıb.