SON DƏQİQƏ: Azərbaycan DSX həddini aşan İrana cavab verdi – TƏCİLİbackend

“Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitə­lərində dərc edilən müsahibəsində bu ölkənin Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır”.

Bu barədə “Yeni Gündəm”-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azər­baycan Res­pub­likasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmamışdır.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq