SON DƏQİQƏ: Baş nazir qərar imzaladı: Yaşı 18-dən az olan… – RƏSMİbackend

Nazirlər Kabinetinin “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 24 mart tarixli 58 nömrəli, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli və “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın təsdiq edilməsi barədə” 2014-cü il 13 avqust tarixli.276 nömrəli qərarlarında dəyişiklik edilib.

“Yeni Gündəm” xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Səhiyyə Nazirliyinə ötürülür. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Bundan əvvəl doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Doğum haqqında məlumatın Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydada nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar.

Bundan əvvəl bunun bağlı məsuliyyət sadəcə Səhiyyə Nazirliyinə aid idi.