SON DƏQİQƏ: SƏRHƏDDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR DAVAM EDİR – Ölü və yaralılar varbackend

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

“Yeni Gündəm”-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

***

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

“Yeni Gündəm”-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

“Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır”, – Müdafiə Nazirliyindən bildirilib.

***

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

“Yeni Gündəm” xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

“Yeni Gündəm”-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

“Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – deyə nazirlikdən bildirilib.