“Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilibbackend

Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun moderatorluğu ilə keçirilən müzakirədə akvarel sənətinin bugünkü inkişafından, Azərbaycan rəssamlarının zaman-zaman işləməyə üstünlük verdiyi bu texnikanın tətbiqindən, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarından və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətindən danışılıb.

Tədbirdə Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov, Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rəssam, akvarelçi Xasay Mirzəyev, Əməkdar incəsənət xadimi, sənətşünas Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Səbinə İskəndərova, sənətşünas Anar İskəndərov, akvarelçi rəssamlar Cəlal Ağayev, Əbdüləmi Əliyev, İntiqam Cəfərov, Pərviz Əliyev, Rəfael Əliyev çıxış edərək, Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə təkliflər irəli sürüblər.
Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) təsisçisi və prezidenti türkiyəli rəssamı Atanur Doğan onlayn qaydada müzakirələrə qatılıb, dünyada və Türkiyədə bu sahədə görülən işlərə dair məlumat verib, Azərbaycanda belə tədbirlərin keçirilməsinin zəruriliyini və əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, müzakirələrdən sonra səsləndirilən təkliflərin qiymətləndirilməsi, təhlili nəticəsində gələcəkdə akvarel sənətinin inkişafı və rəssamlarımızın tanıdılması ilə bağlı tədbirlərin ardıcıl surətdə davam etdirilməsi, ustad dərslərinin, vebinarların keçirilməsi və digər işlərin görülməsi qərara alınıb.

Ayşən Rəhim