Sübhan Misirin yanına buna görə gedibmiş – Vəkili açıqlama verdibackend

Ukraynada həbs edilən Azərbaycanlılar Misir Qasımlı və Sübhan Qazıyevin vəkili açıqlama yayıb.

“Yeni Gundem” xəbər verir ki, Vəkil Aygül Rəfiyeva bildirib ki, Misir Qasımlı’nın Cənab Prezidentə ehtiramını və sədaqətini bildirən müraciətini görən bəzi müxalif şəxslər qərara gəlirlər ki, buna görə Misir Qasimlını cəmiyyətin gözündən salsınlar.

“Çoxdandır ki, facebookda post paylaşmırdım, amma Misir Qasımlıya qarşı başlanılan bu infomüharibəyə qarşı həm onun vəkili olaraq, həm də bir vətəndaş kimi səssiz qala bilmədim. Beləliklə də, heç bir sübuta və dəlilə əsaslanmayan dastanlar yazılır, nağıllar uydurulur və guya ki, sübutlar təqdim olunur. Qeyd edim ki, insanlarin hüquqi savadının olmamasından istifadə edib cəmiyyətə ittiham aktının surətini təqdim ediblər.

Gəlin birlikdə bu dastanı analiz edək.

1. Ondan başlayaq ki, bu cinayət işinin Azərbaycan- Ukrayna münasibətlərinə heç bir aidiyyəti yoxdur. Heç kəsə sirr deyil ki, bütün postsovet ölkələrində olduğu kimi  Ukrayna məhkəmələrində də rüşvət, sifariş və tapşırıq faktoru var. Ukrayna səfirliyinin qarşısında yığışan qazilər Ukrayna dövlətinə qarşı çıxış etmir, işin ədalətli araşdırılmasını tələb edir. Bu məntiqlə elə çıxır ki, Azərbaycan məhkəməsinə etiraz edən ölkədə çevriliş etmək istəyir? Xahiş edirəm, qarışqadan fil düzəltməyə çalışmayın… Misir Qasımlı vətən müharibəsi iştirakçısıdır və siyasətə aidiyyəti olmayan insandır, öz oyunlarınıza onu alət etməyə çalışmayın. Dünən 55.000 izləyicisi olan Ukrayna telegram kanalı özü bu məsələni qaldırdı və dinləyicilərin əksəri hakim Tixanskinin bu cür qanunsuzluqları haqda özləri danışdı, hətta onun haqqında Youtube-da olan məlumatları bizə göndərdilər (linklər əlavə olunacaqdır). Bundan başqa Peçerski rayon məhkəməsi tərəfindən hakim Zinçenko barəsində cinayət işi başlanılıb (qərar əlavə olunur).

2. Obuxov rayon məhkəməsinin hökmü qanuni qüvvəyə minməyib. Hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Buna baxmayaraq ittiham tərəfi heç bir mötəbər sübut təqdim edə bilmədi: nə hal şahidini, nə birbaşa şahidi, nə ekspertiza rəylərini, nə də ki, zərərçəkmişin iştirakını. Hökm yalnız sözlərə və təhrif olunmuş məlumatlara əsaslanıb (bir-bir bu haqda danışıb, sənədləri təqdim edəcəyəm)

3. Sübhan həm Misirin (Misirin doğum günü – 02 iyun) öz doğum gününü qeyd etmək üçün 2021-ci ilin may ayının sonu Misirin yaşadığı kiyev şəhərinə yollanır. Misir, Sübhan, Mustafa adlı Türkiyə vətəndaşı olan dostları və 3 ukraynalı xanımla birlikdə 08.06.2021-ci ildə Just kafedə Sübhanın ad gününü qeyd edirlər. Misir əllərini yumağa gedərkən bir nəfər əcnəbi Misirə  yaxınlaşaraq onunla tanış olmaq istəyir. (Misir ingilis dilini bilmədiyinə görə google-translate və ofisiant vasitəsilə danışırlar). Misir həmin əcnəbiyə zarafatyana deyir ki, yalnız xanımlarla tanış olur və bu təklifi rədd edir. Rədd cavabını alan həmin əcnəbi öz masasında əyləşir. Getmək istəyərkən həmin əcnəbinin Misir və Sübhanın hesabını ödədiyi məlum olur. Misir və Sübhan buna etiraz edirlər, yenidən ofisiantı çağırırlar və həmin şəxs Misirgilin masasına əyləşir. Misir və Sübhanın əyləşdiyi masaya görə qabaqcadan depozit ödənildiyindən ofisiant vasitəsilə pulu nağdlaşdırıb əcnəbiyə qaytarırlar. Bu məhkəmədə mübahisəsiz haldır, çünki zərərçəkmiş özü bunu təsdiqləyir. Söhbət əsnasında həmin əcnəbi zərərçəkmiş soruşur ki, planları nədir və Misir bildirir ki, ad gününün davamı olaraq yemək yeməyə Təndir restoranına yollanırlar, Vüsal adlı dostlarının dəvəti ilə (Just kafedə yalniz içkilər və desertlər təqdim olunur). Zərərçəkmiş də onlara qoşulmaq istədiyini israrla bildirir. Bu zaman onlar hamısı ayıq sürücü ilə birlikdə icarəyə götürülən avtomobil ilə yola düşürlər.

Qeyd edim ki, Misir ümumiyyətlə içki içmir, sadəcə yorğun olduğuna görə və şəhəri yaxşi tanımadığına görə ayıq sürücünü çağırırlar. Ayıq sürücü avtomobilə sükan arxasına əyləşir, qabağda sağ sərnişin yerində Misir, arxa sağ sərnişinin yerində Sübhan, arxa sol sərnişin yerində isə həmin zərərçəkmiş şəxs əyşir (kafedən və avtomobilin görüntüləri əlavə edilir). Yolda zərərçəkmiş pis də olsa rusca danışaraq Misiri tanıdığını, müharibə iştirakçısı olduğunu bildiyini deyir. Daha sonra telefonunda narkotrafiki göstərərək bu işlə məşğul olduğunu bildirir və Misirlə Sübhanı da öz biznesinə qoşulmağı təklif edir. Həmin an Misir avtomobili saxlatdırır və zərərçəkəni avtomobildən düşürür. Daha sonra artıq onsuz yola davam edirlər (avtomobilin gps treker vasitəsilə marşrutu əlavə edilir).

4. Birbaşa şahid olan ayıq sürücü istintaq tərəfindən işə cəlb edilmir, müdafiə tərəfinin şahidi Vüsal Tanrıverdizadə isə istintaq idarəsinin qarşısından Kot soyadlı müstəntiq tərəfindən hədə-qorxu gəlinərək qovulur. Vüsalın məhkəmə dindirilməsinə nail ola bilsək də, təəssüf ki, ayıq sürücünü hazırda tapmaq qeyri-mümkündür, çünki mobil telefonlar polisdə saxlanılır və bizə təqdim edilmir.

5. Kafedə işləyən şəxslər və Mustafa adlı şəxs istintaqa cəlb edilmir, dindirilmir.

6. Kafedə olan kamera görüntüsü kəsilir, məhkəməyə hissə-hissə təqdim edilir.

7. Misir Qasimlı və Sübhan Quliyev saat 14.00-da saxlanılır, şikayət saat 19.00-da daxil olur.

8. Misir Qasımlı və Sübhan Quliyevə saxlanılarkən tərcüməçi və vəkil təqdim edilməmişdir.

9. Zərərçəkmiş iddia edir ki, avtomobildə onun ayağına bir bıçaq zərbəsi vurulub. Ekspertiza rəylərinə görə avtomobildə qan izi aşkarlanmır, təqdim edilən bıçaqda Misirə, Sübhana və ya  zərərçəkənə aid DNT və ya əl izləri aşkarlanmır.

10. Zərərçəkənin ekspertizaya təqdim etdiyi şalvarda zərərçəkənə aid qan izləri aşkarlanmır. Ən əsası müdafiə tərəfinin vəsatətinə əsasən, həmin şalvar məhkəmə iclasında açılır və şalvarda 1 deyil 9 deşik peyda olur. Beləliklə də, maddi sübuta polis tərəfindən müdaxilə olunduğu və sübutların saxtalaşdırıldığı aşkar olunur.

11. Misir Qasımlın yaşadığı evə baxış keçirilərkən hal şahidləri, Misir Qasimlı, tərcüməçi və vəkil olmayıb. Polislər özləri mənzilə qalxaraq, tapançanı yatağın yanına qoyurlar və guya həmin tapançanın Misirə aid olduğunu iddia edirlər. Lakin həmin tapançada Misir Qasimlıya və Sübhan Quliyevə məxsus DNT və ya əl izləri aşkarlanmır. Lakin, başqa şəxslərə aid DNT aşkarlanır (tapança təmizlənmiş olsa idi, orada ümumiyyətlə iz qalmazdı). Bunları görən hakim məhkəmə hökmündə qeyd edir ki, hal şahidlərinə zərurət görmür.

12. Zərərçəkən məhkəmədə canlı olaraq iştirak etmir, məhkəməyə hətta səfirlik vasitəsilə qoşulmaqdan imtina edir, yalniz Viberlə qoşulur, halbuki cinayət-prosessual qanunvericiliyə əsasən zərərçəkmiş məhkəmədə məcburi olaraq iştirak etməli, onun şəxsiyyəti müəyyən edilməli və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətini daşıdığı haqda xəbərdar olunması barədə iltizama qol çəkməlidir.

13. Zərərçəkmiş psixikasinin qeyri-sağlam olduğu haqda ispan həkimindən arayışı məhkəməyə təqdim edir, həmin sənəd erməni tərəfindən tərcümə edilir.

14. Zərərçəkmiş məhkəmədə etiraf edir ki, müalicəsi ilə bağlı psixotrop və narkotik tərkibli dərmanlar içir, hadisə günü onlarla yanaşi spirtli içkilər qəbul etmişdir.

15. İş üzrə birbaşa şahid yoxdur. Məhkəmədə 3 şahid dindirilib. Bir şahid – Rentacar xidmətinin rəhbəri bildirdi ki, Misir Qasımlı və Sübhan Quliyevı tanımır, lakin avtomobilin ondan icarəyə götürüldüyünü xatırlayır. Hadisə ilə bağlı heçnə bilmir. İkinci şahid Robert Mcneil adlı şəxs, zərərçəkmişin ifadəsinə zidd ifadə verərək bildirdi ki, zərərçəkmişlə yeni tanış olmuşdur. Əvvəl 4 nəfər olaraq Veranda kafesində zərərçəkmiş, zərərçəkmişin dostu Evalio və Evalionun oğlu ilə birlikdə dincəlirdilər. Daha sonra o, birbaşa Just kafeyə yollanmış, 1 saat sonra isə Evalio və zərərçəkmiş ora gəlmişdir.

Zərərçəkmiş öz ifadəsində bildirdi ki, onlar üç nəfər olaraq Robert (həmin şahid) və Evalio ilə birlikə  Veranda kafesində olublar, daha sonra hamısı birlikdə Just Cafeyə yollanıblar . Lakin həm zərərçəkmiş, həm də şahid Veranda kafesindən sonra Queen Kyev kafesinə getdiklərini məhkəmədən gizləməyə çalışırdılar. Sual yaranır ki, niyə? Çünki Misir Qasımlı Queen Kyevdə olmuşdur və zərərçəkmiş  artıq ordan Misirin izinə düşmüşdür (sənəd təqdim edilir). Bundan başqa həm zərərçəkmiş, həm də şahid qeyd etdilər ki, zərərçəkmişin üzərində nağd pul olmamışdır.  Şahid R.Mccneil hadisəni görmədiyini, sadəcə olaraq Misirin ağ paltarda olduğu üçün onun diqqətini çəkdiyini qeyd etdi. Başqa heçnə bilmir.

16. Üçüncü şahid-Vüsal adlı şəxs Məhkəmədə bildirdi ki, hadisə günü Misir və Sübhanı Obuxov meşəsi ərazisində yerləşən Təndir restoranına dəvət etmiş və hadisə saatı Misir və Sübhan onunla birlikdə həmin restoranda olmuşlar.

17. Əsas məqam zərərçəkmiş h-01 yolunu hadisə yeri kimi göstərir. Həmin ərazi bataqlıqdır və ümumiyyətlə başqa bir istiqamətdədir. Misir Qasımlı və Sübhan Quliyevin avtomobilində olan gps-trekerdən də görsənir ki, avtomobil həmin istiqamətdə heç vaxt olmayıb. Hadisə saatı avtomobil tamamilə fərqli yerdə, yəni r-01 yolunda olmuş, 2 dəqiqəlik dayanmış (həmin şəxsi düşürəndə) daha sonra isə Təndir restoranının qarşısında olmuşdur.

18. Zərərçəkmişin guya iphone mobil telefonunu ələ keçiriblər. Lakin, zərərçəkmiş bu günə qədər “find my phone” vasitəsilə telefonunu axtarmağa cəhd etməmişdir.

19. Zərərçəkmişin guya Rolex saatı olub, gömrük bəyənnaməsi, qutusu, pasportu yoxdur. Kafedə olan kamera görüntüsündə zərərçəkən ora daxil olarkən qolunda saat yoxdur.

20. Kriptovalyuta kartından pulun çəkilməsinə dair sübut yoxdur. Əksinə zərərçəkənin özünün face-id ilə öz kriptopul kisəsinə daxil olması var. Həmin pul kisəsinə daxil olmaq üçün pasport və face-id verification-dan keçmək lazımdır. (sənəd təqdim olunur)

21. Kiyev apellyasiya məhkəməsi Misir və Sübhanın həbsdə saxlanıldığının qanunsuz olduğu haqqında qərar qəbul edib, lakin onların barəsində seçilmiş qətiimkan tədbiri alternativi ilə əvəz edilmir.

22. Zərərçəkmişin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadə tamamilə fərqlidir.

Və nəhayət bu məsələyə siyasi don geyindirərək Ukrayna-Azərbaycan dostluq münasibətlərinə qarşı istifadə etmək istəyən Cavidlərə, Pərvinlərə, Salehlərə və digərlərinə aldanmamağı tövsiyyə edirəm.”