“Sudanda toqquşmalarda ölənlərin sayı 185-ə çatıb” – BMTbackend

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Sudandakı xüsusi nümayəndəsi Volker Pertez, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələrin arasında baş verən qarşıdurmalarda 185 nəfərin həyatını itirdiyini, 1800-dən çox mülki vətəndaş və hərbçinin isə yaralandığını açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, Pertez BMT-nin Nyu-Yorkdakı binasında videokonfrans vasitəsilə jurnalistlərin suallarını cavablandırıb.

Şənbə günü səhər saatlarında başlayan qarşıdurmaların davam etdiyini qeyd edən Pertez, Sudan xalqının əsas ehtiyaclarını qarşılamaq üçün bir neçə saatlıq çox qısamüddətli atəşkəs razılaşması əldə etdiklərini bildirib. “Biz hər iki tərəfi münaqişəni dərhal dayandırmağa çağırırıq. Hər iki tərəf BMT təşkilatlarını, səfirlikləri və tibb müəssisələrini qorumalıdır. Çox ciddi pozuntular baş verir. Hər iki tərəf vasitəçilik və ya sülh istəmir. Hər iki tərəf digərinin təslim olmasını gözləyir”, -deyə Pertez bildirib.

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Sudandakı vəziyyəti qapalı iclasda müzakirə etdiyini açıqlayan Pertez münaqişədən dərhal sonra Şuranın yazılı açıqlamasını müsbət qarşıladığını bildirib.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb.

Fərahim Rəhimov