Süleyman Soylu: “ABŞ seçkilərə müdaxilə edir”backend

“ABŞ seçkilərə müdaxilə edir”

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden 2016-cı ildə çevriliş cəhdi ilə eləmək istəmədiyini, amma bacarmadığını indi seçkilərlə etmək niyyətindədir: “Bizim siyasətimizi bəyənməyənlər qarşı tərəfə keçir. FETÖ hələ də gündəmdədir. Hansısa əməliyyatın icra olunduğunu hər kəs görür”.

Qeyd edək ki, daha əvvəl Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyini iddia etmişdi.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir./Report