Sülhə nail olmaqda maneə yoxdurbackend

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu qlobal miqyasda baş verən dəyişikliklərlə bağlı vacib müzakirələrin aparıldığı paltformaya çevrilib. Sözsüz ki, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi xüsusi olaraq diqqəti cəlb edir. Azərbaycanın artıq beynəlxalq təşkilatların vacib tədbirlərinin təşəbbüskarı və ev sahibi kimi yüksək təşkilatçılıq təcrübəsi də burada başlıca amil kimi önə çıxır. Bütün bunların fonunda ölkəmiz bu gün regional və qlobal miqyasda açıq dialoq mühitinə başlıca töhfə verən dövlət kimi qəbul edilir. Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan yüksək beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında vacib, mühüm iştirakçıya çevrilməsini təmin edib: “Məhz bu reallığın nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Bu mənada Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu bir beynəlxalq platforma hesab olunur. Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda çıxışında bu mühüm tədbirin təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğulayıb. 60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi yüksək göstəricidir”
Deputat deyib ki, müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdəndir: “Prezident İlham Əliyev Forumda çıxışında qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirləri olduqca önəmlidir. Ölkəmizin başçısı vurğulayıb ki, artıq Cənubi Qafqaz regionu üçün sülh imkanları yaranıb. Ötən ilin oktyabrında Azərbaycanla Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Eyni zamanda dövlətimizin başçısı münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğulayıb. Həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırılıb. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söyləyib. Ölkə başçısı vurğulayıb ki, “Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini diqqətə çatdırıb: “Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığı, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğu bildirilib. Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandumun imzalanması da bu mənada xüsusi ilə qeyd edilməlidir. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bununla yanaşı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair imzalanan sazişin də əhəmiyəti olduqca yükəsk dəyərləndirilib”.
Sevinc Hüseynova hesab edir ki, martın 11-də başa çatan X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər geniş müzakirə edilib: “O cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulub. Postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Avropanın gələcəyi ilə bağlı da vacib fikirlər səsləndirilib. Bütün bunlar isə Azərbaycanın perspektiv inkişafı fonunda ölkəmizlə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında Qlobal Bakı Forumu mühüm platforma kimi qiymətləndirilir”.