Sumqayıtda ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir-VİDEObackend

Sumqayıtda ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. bu haqda 4 noyabr tarixində xəbər verir.

Marşrut avtobuslarında dəfələrlə müxtəlif insidentlər baş verib. Gah sürücü sərnişini, gah sərnişin sürücünü pəncərədən çıxaraq döyür, tez-tez təhqirə, söyüşlərə keçən söz mübahisələri yaşanır. Həmçinin 7, 9, 12A, 30, 33 nömrəli xətlər üzrə hərəkət edən və qəsəbə, bağlara işləyən bir çox nəqliyyat vasitələri yararsız haldadır.

Bəs bu aqressiya, mübahisələr və problemlər nədən qaynaqlanır?

Bildiyimiz kimi, avtobuslarda nağdsız ödənişin ləğvindən 2 il ötür. Minlərlə sakinin minlərlə manatı batıb. Habelə “validator” sistemi ilə sürücülər aylıq maaş almalı idilər. Lakin onun ləğvi əməkhaqlarını “plan”dan asılı edib. Əksər marşrut xətlərində gündəlik “plan” yüksəkdir və 100 manatı ötür. Sürücülər 15-20 manat qazanmaq üçün bir-biri ilə “yarışırlar”. Yorulmalarına baxmayaraq, onlar sutkanın 12-15 saatını sükan arxasında keçirirlər. Asudə vaxtlarının olmadığı üçün yeməklərini də burada yeməli olurlar.

“Pul yarışları”na görə bəzən sürücülər dayanacaqlarda saxlamırlar, sərnişinlərlə anlaşılmazlıq, mübahisə və dava yaranır.

Redaksiyamıza avtobusların baxımsız vəziyyəti, aralarındakı yüksək intervalla bağlı da çox sayda şikayətlər daxil olur. Sürücülərin sözlərinə görə, məsul qurum nəqliyyat vasitələrini, kondisioner sistemlərini təmir etdirmir. Bu səbəbdən avtobuslar bir-bir sıradan çıxır, nəticə etibarilə də interval çoxalır, insanlar isə yollarda qalırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yeni validatorların quraşdırılacağına dair çox sayda vədlər verib. Lakin lazımi addımlar hələ də atılmayıb. Paralel olaraq sürücü-sərnişin mübahisələri, narazılıq, şikayətlər və “plan” ödənişləri artır.

İnsanlar kart sisteminin bərpa edilməsini, pullarının qaytarılmasını tələb edirlər.

Sadalanan problemlərin tez bir zamanda həll olunacağına ümid edirik.

Sumqayıt24