Suqovuşanın azad olunmasında öndə gedən, pusqudan çıxıb düşmənin iki qrupunu məhv edən kapitan – FOTOLARbackend

44 günlük Vətən Müharibəsinin qəhrəman hərbçilərindən biri də kapitan Vüqar Əliyevdir. 1990-cı ildə Biləsuvarda doğulan Vüqar 2007-2011-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Müharibə başlayanadək ən çətin və təhlükəli cəbhəboyu zonalarda – Murovdağ silsiləsində, Gədəbəydə, daha sonra Tərtərdə xidmət aparıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Vüqar döyüşün başladığı günü belə xatırlayır:

“Sentyabrın 26-da həyəcan siqnalı verildi və daimi dislokasiya mərkəzini tərk etdik. Ayın 27-də səhər tezdən əmr gəldi ki, irəli döyüşə. Şükürlər olsun ki, Ali Baş Komandanımız tərəfindən biz bu əmri aldıq. Bu tapşırıq gələndən sonra bütün şəxsi heyəti yığdıq. İstiqamət Tərtərin işğal altındakı Talış kəndi idi. Təlimlərdə keçdiyimiz dərslər döyüş meydanında ilk dəqiqələrdən bəhrəsini verdi. Şəxsi heyət böyük ruh yüksəkliyi ilə , canla başla irəli atıldı. Ayın 27-də Tapqaraqoyunlu kəndindən Talış istiqamətində 17-18 km irəlilədikdən sonra orada çox vacib bir yüksəkliyi götürməli idik. Elə ilk gündəcə bu vəzifənin öhdəsindən gəldik. Hakim yüksəkliklərin hamısını götürüb kəndə nəzarəti ələ keçirdik. Təbii ki, düşmən bu cür sürətli məğlubiyyətlə barışmaq istəmədi və həmin yüksəklikləri geri qaytarmaq üçün hücuma keçdi. Amma qanla aldığımız kəndi heç vaxt geri verə bilməzdik”.

Vüqarın sözlərinə görə, döyüşlər gedən ərazinin relyefi ağır olub. Ərazinin meşəlik və dağlıq olması ilə yanaşı, duman və çiskin də rahat irəliləməyə imkan verməyib:

“Elə olurdu ki, üşüyürdük, islanırdıq, amma bunu heç vaxt büruzə vermirdik. Ona görə nə duman, nə soyuq, nə yağış, nə də relyef bizə mane ola bilmədi. Beynimizdə bir cümlə var idi: Bu torpaqlar azad olunmalıdır!

Döyüş meydanında yemək, qidalanmaq, yatmaq kimi şeylər yada düşmürdü. Bizim üçün əsas silah sursatın tam olması və su idi. Çünki silah sursatın çoxluğu özümüzə güvən yaradırdı. Su isə orada ən vacib qidadır. Əsgər həyəcanlananda ən yaxşı sakitləşdirici vasitə sudur. İrəlilədikcə suyumuz azalırdı. Günlərlə susuz qaldığımız vaxtlar oldu. Adicə bir faktı qeyd edim ki, meşədə tapdığımız butulkanın ağzını ağac gövdələrinə söykəyirdik ki, şehdən, çiskindən yığılan suyu götürüb içək. Amma irəli getdikcə bulaqlarımıza, çaylarımıza çatdıq və su problemimiz həll olundu”.

Suqovuşanın azad olunmasında Vüqar gilin taboru yaxından iştirak edib. Həmin əməliyyatdan qabaq təəssüf ki, taborun qərargah rəisi şəhid olub, tabor komandiri isə yaralandığından döyüş meydanında idarəçilik kapitan Əliyevə tapşırılıb:

“Müharibənin ilk böyük qələbəsi Suqovuşanın azad olunması idi. Həmin əməliyyatda tabor komandiri vəzifəsini mən icra edirdim. Əlbəttə, qarşımıza çox əngəllər çıxdı. Ermənilər əvvəlcədən bərkidilmiş mühəndis işləri aparmışdılar. Təsəvvür edin, onların bir sığınacağının üstü 1,5 metr qalınlıqda betonlanmışdı. Kənarları isə 3-4 qat kubik daşı ilə hörülmüşdü. Oranı artileriya atəşi ilə yarıb keçmək çox çətin idi. İstər istəməz ora piyada döyüş dəstələri getməli idi. Biz irəliləməyə başladıq və gördük ki, ermənilər isə açıq döyüşdən qorxurlar. Biz onları ərazidən qovurduq, qabağımızda qaçırdılar. Ərazini yaxşı tanıyırdılar deyə yalnız müxtəlif istiqamətlərdən gözlənilməz hücumlarla bizim əzmimizi sındırmağa çalışırdılar. Amma biz azad etdiyimiz heç bir ərazini onlara vermədik. Azad etdiyimiz ərazilərdə düşmən qaçaraq çıxdı. Sürətli və gözlənilməz hücumlar edirdik. Bəziləri heç evlərində olan əşyalarını belə götürməyə macal tapmamışdı. Hətta yadımdadır, bir evdə yemək qazın üstündə qalmışdı, o cür təlaş içində qaçmışdılar”.

Kapitan Əliyev üçün ən ağrılı anlar döyüş yoldaşlarının yanında şəhid olması olub. Vüqar həmin təsirli anları belə xatırlayır:

“Bir əsgərim vuruldu, tez özümü yanına çatdırdım. Gördüm ki, can verir. Son nəfəsində bircə onu dedi ki, “atama deyərsən ki, oğlun igidcə şəhid oldu”. Onun səsi həqiqətən qulağımdan getmir. Onu qucaqladım, qollarımın arasında şəhidliyə ucaldı.

Şəhidlərimiz və yaralılarımız olurdu. Bu müharibənin reallığı idi. Bacardıqca yaralıları tez təxliyə eləməyə çalışırdıq ki, onların həyatını xilas edək. Taborda cəsur bir gizirimiz var idi, döyüş vaxtı yanına minaatan mərmisi düşdü, yaralandı. Gördüm ki, məni çağırır. Tez yanına qaçdım. Dedi, hər şey yaxşıdır, heç nəyə görə narahat olma. Halbuki onun ayağını mərmi üzüb qoparmışdı. Tez ona morfin vurdum, ilkin tibbi yardım göstərib, təxliyə etdik. “Məndən ötrü narahat olma, uşaqlar sizə əmanətdir” dedi. Yəni o cür yaralı vəziyyətdə belə heç kim ruhdan düşmürdü”.

Kapitan Əliyev müharibədə dəfələrlə ölümlə üz-üzə gəlib. Müsahibimiz həmin anları belə xatırlayır:

“Talış yüksəkliyində düşmən minaatanlardan mövqelərimizi atəşə tuturdu. Şəxsi heyəti səngərə yerləşdirib aşağı əyilmələrini söylədim. Özüm isə səngərdən çıxıb əraziyə nəzarət etməli idim. Çünki mərmilərin hansı istiqamətlərdən gəldiyini aşkar edib komandirə məruzə edirdim. Uzaqdan bölük komandirlərindən biri qışqırdı ki, “rəis səngərə düş”. Bu zaman sağ tərəfimə minaatan mərmisi düşdü. Mərminin dalğası məni götürüb səngərə çırpdı. Üstümə torpaq töküldü. Bölük komandiri qaçaraq yanıma gəldi, elə bildi, şəhid olmuşam. Əlimdən tutdu və mən əlimi tərpətdim. Tez məni torpağın altından çıxardı. Dedim “yaxşıyam, sən şəxsi heyətin yanına get”. Ondan sonra ayağa qalxıb işimə davam elədim.

Bu günə qədər də inana bilmirəm ki, o cür döyüşlərdən sağ qayıtmışam. Çünki biz hücum edən tərəf idik və qarşıda bizi nəyin gözlədiyini bilmirdik. Dəfələrlə meşədə düşmənlə üz-üzə gəldiyimiz anlar olurdu. Bir dəfə pusquya düşdük. Düşmənin iki qrupu bizi mühasirəyə almışdı. Xəritəyə baxanda gördüm ki, biz meşədən normal yolla çıxsaq, çoxlu şəhid verəcəyik, yaralılarımız da buna tab gətirməyəcək. Çünki həm relyef pis idi, həm də məsafə çox idi. Düzdür, özümü itirmədim. Amma sona yaxınlaşdığımı düşündüm. Fikirləşdim ki, hər şey bura qədər idi, Vətən sağ olsun! Lakin son anda sanki Allah bizim üçün bir yol açdı. Təsadüfən orada kiçik bir cığır olduğunu gördük. Cığırın üstünü xəzan örtmüşdü. Biz məhz həmin cığır vasitəsi ilə pusqudan çəxdıq.Eyni zamanda düşmənin yerini müəyyənləşdirib, bu dəfə biz onları pusquya saldıq. Düşmənin həmin iki qrupunu son nəfərinədək məhv elədik”.

Kapitan Əliyev bildirir ki, müharibənin ən qızğın vaxtında 17-18 gün onların taboru normal yatmadan mübarizə aparıb:

“Bizim üçün yuxu imkan tapan kimi 5 dəqiqəlik hansısa ağaca söykənib mürgüləmək idi. Çünki daim hərəkətdə olurduq. Biz ancaq və ancaq düşməni məhv etməyə köklənmişdik. Birinci əsgərimizdən tutmuş axrıncı əsgərimizə qədər hamının gözü məndə olurdu ki, bu dəqiqə komandir bizə nəsə deyəcək. Qorxudan söhbət gedə bilməzdi. Bizim ən cılız əsgərimiz belə ermənilərin ən hündür, ən iri əsgərindən qorxmurdu. Komanda verilən kimi cumub ermənini parçalamağa hazır idilər”.

Qəhrəman zabitin sözlərinə görə, 10 noyabr müqaviləsindən sonra hərbçilərimiz Azərbaycanın Ermənistanla tarixi dövlət sərhədini son santimetrinə qədər bərpa ediblər:

“Hazırda Laçında, Ermənistanla dövlət sərhədimizdə xidmət aparıram. Dövlət sərhədimizin başladığı nöqtədə bayrağımızı basdırmışıq. Şəxsi heyətimiz dövlət sərhədi boyunca keşik çəkir. Çünki biz əlimizdə beynəlxalq səviyyədə təsdiq olunmuş xəritə və GPS-lə hərəkət edirik. Dövlət sərhədi hansı xətt üzrə gedirsə, xidmətimizi də orada təşkil edirik. Son santimetrinə qədər torpaqlarımızın düşmən tərəfdə qalmasına imkan vermədik. Çünki bir santimetr belə düşmən tərəfdə qalsaydı, bu torpaq uğrunda ölən şəhidlərimizin ruhuna hörmətsizlik olardı”.

Vüqar kimi qəhrəman hərbçilərin sayəsində ermənilər bizdən elə qorxub ki, bayrağımızın dalğalanması belə Laçınla sərhəd zonasında yaşayan erməni camaatında vahimə yaratmağa kifayət edir:

“Tarix boyu ermənilər yaltaq millət olub. Onlar cəhd edirlər ki, bizimlə danışsınlar, ünsiyyətə girsinlər. Amma biz buna şərait yaratmırıq. Bizim baxışlarımız belə onları qorxutmağa bəs edir. Elə yerlər var ki, erməni kəndləri ilə 100-150 metr məsafəmiz var. Sərhədə yaxın yaşayan erməni kəndliləri işğal müddətində Azərbaycan ərazisinə keçib əkin işləri aparırmışlar. İndi həmin əkin sahələri bizim nəzarətimizdədir. Bir dəfə erməni kəndinin icra nümayəndəsi gəlib xahiş etdi ki, heç olmasa o sahələrdə əkdiklərini biçməyə icazə verək. Cavabımız qəti idi: “Sizin Azərbaycan torpağında nə işiniz var?!”.

Qəhrəman kapitan bildirir ki, 10 noyabrda müqavilə bağlanmasa, onlar dayanmaq fikrində deyildi və sona qədər döyüşməyə hazır idilər:

“9 noyabr axşamı biz Ağdərə istiqamətində hücuma hazırlaşırdıq. Artıq hərəkətə başlamışdıq. Komandir təcili əlaqəyə çıxdı və dedi ki, Əliyev “adboy”. Əvvəlcə başa düşmədim, sonra dedi ki, şəxsi heyəti dayandır və təcili yanıma gəl. Yanına gedəndən sonra məni qucaqladı və təbrik etdi. Dedi ki, müharibə bitdi, biz qalib gəldik. Ardınca şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdik. Daha sonra hamı bir-birini qucaqladı, təbrik etdi. Həmin gün həm sevincdən ağlayırdıq, həm də şəhid olan qardaşlarımıza görə. Təəssüflənirdik ki, bu anı onlar yaşaya bilmədi”.


Suqovuşan

V.Əliyevin sözlərinə görə, artıq azad olunan ərazilərdə abadlıq işləri aparılır. Hətta Suqovuşandan Laçına gedən yol asfaltlanıb və bu gün hərbçilər o yoldan istifadə edir:

“Ali Baş Komandanımızın göstərişləri icra olunur. Yaxın müddətdə mülki əhalimiz gedib orada yaşayacaq. Mən bu yaşıma qədər Qarabağ bölgəsini heç vaxt görməmişdim. Təbiəti həqiqətən çox gözəldir. Havası təmizdir, hər dağın altında bulaq var. Laçının özündə belə istisu çıxır. Mineral sularla boldur, torpaqları münbitdir. Elə kənd var ki, içindən iki çay keçir. Təbii sərvətlərlə zəngin torpaqlardır.

Mən həmişə arzu edirdim ki, inşallah bu torpaqların azad olunması bizim öhdəmizə düşər. Bu günkü gündə ordumuzda xidmət edən hər bir zabit, gizir, əsgər sevinir ki, bu şərəfli vəzifəni biz icra etdik, fəxr edirik. Bizdən sonrakı nəsillərə yük düşmədi. Sevinirik ki, bundan sonra övladlarımız, yaxınlarımızın, qohumlarımızın övladları gedib sağ-salamat şəkildə xidmətini başa vurub qayıdacaq. Bundan sonra hər şey daha yaxşı olacaq”.

Hazırladı: Amin Nəzərli