Şuşa fatehi ad gününü Şuşada qeyd etdi – MÜNASİBƏT BİLDİRİLDİbackend

“Cənab Prezidentin 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizə hər səfəri mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfərlər bərpa olunan ərazilərimizdə yeni obyektlərin açılışı və yeni layihələrin təməlinin qoyulması ilə müşayiət olunmaqla yanaşı, həm də ermənilərə, onların havadarlarına yeni mesajlarla yadda qalır”.

Bu sözləri açıqlamasında millət vəkili Əziz Ələkbərli bilririb.

Onun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfəri də bu mənada istisna təşkil etmədi: “Onlar əvvəlcə Hadrutda hərbi hissənin açılışında iştirak etdilər. Əslində, Prezident İlham Əliyevin Hadruta səfəri, Hadrutda yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışı və burada hərbçilərin paradını qəbul etməsi – hamısı düşmənin revanşist qüvvələrinə verilən mesaj idi. Çünki Hadrut Vətən Müharibəsində ermənilərin çox mühüm hərbi dayaqlarından biri idi və Hadrutun alınması erməni ordusunun çox böyük hərbi məğlubiyyəti oldu. Məhz Hadrutdan sonra Şuşanın yolu açıldı.

Maraqlıdır ki, postmüharibə dövründə Ermənistanın revanşist qüvvələrinin ən çox hədəfə aldıqları yaşayış məntəqələrindən biri və birincisi məhz Hadrut idi. Onlar yenə də öz zavallı xalqlarını aldatmaqda davam edirdilər ki, guya Hadrutu yenidən işğal edəcəklər, ermənilər yenidən bu şəhərə köçürüləcəklər. Necə deyərlər, Hadrut erməni siyasilərinin əlində yeni bir alət olmuşdu. Cənab Prezident bu səfəri ilə ermənilərin sifətinə xəstə yuxularından ayılmaq üçün tərs bir şapalaq çəkmiş oldu.

Hadrutda hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınmasına diqqəti çəkərək, müharibədən əvvəl olduğu kimi, müharibədən sonra da hərbi sahəyə böyük diqqət yetirildiyini, ordu quruculuğunun davam etdiyini, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılmasının dövlətin daim diqqətində olduğunu bildirdi.

Cənab Prezident qeyd etdi ki, yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm yeni hərbi texnikanın alınması, həm hərbi xərclərin, həm də hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi bundan sonra da dayanmayacaq. Bununla cənab Prezident “biz müharibə istəməsək də, müharibəyə həmişə hazırıq” mesajını vermiş oldu. Cənab Prezidentin “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi”, – sözləri, şübhəsiz ki, Hadrutdan öz ünvanına yaxşı çatdı. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində oldular. Onlar burada Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər.

Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə etdiyi çıxışında da bir çox mesajlar verdi. Qalib millətin və qalib dövlətin qalib Prezidenti, qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi, Şuşa zirvəsindən verdiyi ən mühüm mesaj dəfələrlə səsləndirdiyi: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz – bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq”, – mesajı oldu.

Cənab Prezident çıxışında bildirdi ki, o, heç vaxt ad günlərini xüsusi qeyd etməyib və həmişə çalışıb ki, həmin günlərdə hərbçilərin, köçkünlərin, şəhid ailələrinin arasında olsun. Bu il də ad günündə Hadrutda hərbçilərin yanında oldu və bu günü məhz Şuşada – Cıdır düzündə qeyd etməyə qərar verdi. Əslində bu, Şuşa Fatehinin tam mənəvi haqqı idi. 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərlə Azərbaycanı göylərə ucaldan Müzəffər Ali Baş Komandan öz 60 illik yubileyini məhz Şuşa zirvəsində qeyd etməliydi. Azərbaycan xalqının Qürurunu özünə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Azərbaycan xalqı bir daha qürur duydu”.SİA