Şuşada hansı “hərtərəfli müqailə” imzalanacaq? – Hərbi ekspertdən maraqlı proqnozlar…backend

Brüsseldən Şuşaya uzanan yol xəritəsi

Türkiyə Prezidenti R.T. Ərdoğan dövlət və hökumət başçılarının iştirakı ilə NATO qərargahında keçiriləcək sammitə qatılmaq üçün Belçikadadır. NATO-ya üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək olan Ərdoğan, ABŞ Prezidenti Cozef Bayden, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Egils Levits, Almaniya Kansleri Angela Merkel, İngiltərə Baş Naziri Boris Johnson və Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilə bir araya gələcək. Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşü də planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təkbətək görüşməsi də maraq doğurur. Ərdoğan-Bayden görüşü, Bayden prezident seçildikdən sonra iki lider arasında baş tutacaq ilk görüş olacaq. Görüşlərdə NATO-dakı ittifaqa əlavə olaraq ikitərəfli münasibətlər və regional məsələlərin gündəmdə olacağı gözlənilir.

Türkiyə Prezidentinin müzakirə edəcəyi əsas məsələlər

Prezident Ərdoğanın rəhbərlik edəcəyi Türkiyə nümayəndə heyətinin keçirəcəyi görüşlərdə bölgədə cərəyan edən proseslər, Türkiyənin suveren hüquqlarına hörmət və təhlükəsizlik həssaslığı kimi mövzular gündəmə daxil ediləcək və Türkiyənin bu məsələlərdə qətiyyəti, ittifaq çərçivəsində öhdəliklərini yerinə yetirən üzv bir dövlət olduğu vurğulanacaq. Terrorizmlə mübarizə və humanitar böhranlara təsirli müdaxilə mövzusunda əməkdaşlıq təklifləri təkrarlanacaq.

Ümumilikdə ABŞ ilə Türkiyə arasında bir çox əsas məsələlər üzrə müzakirələr aparılacaq. Türkiyənin yenidən F-35 proqramına geri dönməsi, S-400 komplekslərinin taleyi, Qarabağ, Suriya və Liviya ilə bağlı müəyyən razılaşmaların əldə edilməsi mümkündür.

Qarabağ və Ermənistan təhlükəsi

Türkiyə Prezidentinin bu sammit çərçivəsində keçirəcəyi görüşlərdə Qarabağ məsələsini, xüsusilə də Ermənistanın minalı ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi və birgə Bəyanatın şərtlərinin İrəvan tərəfindən yerinə yetirilməməsi ilə bağlı problemləri də gündəmə gətirəcək. Nəzərə alsaq ki, bu sammit həm də NATO-nun yaxın 10 il ərzində Cənubi Qafqaz planlarının konturlarını razılaşdırmaq məqsədi daşıyır, o zaman NATO-nun cənub qanadını təşkil edən ölkə rəhbəri kimi R.T.Ərdoğanın Qarabağdakı formalaşan yeni vəziyyət və Ermənistanın Qarabağdakı təxribat xarakterli fəaliyyətləri ilə bağlı çıxışları çox mühüm əhəmiyyət daşıyacaq.

Əfqanıstan

Türkiyənin dövlət başçısı sammitdə NATO və ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra artan terror təhdidinə qarşı müttəfiqlərin fərdi dəstəyinin davam etdirilməsinin vacibliyini də xatırladacaq. Türkiyə bu çərçivədə sülh prosesinin uğurla davam etdirilməsi üçün öhdəliklərinə gələcəkdə də əməl edəcəyini bir daha vurğulayacaq.

Liviya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinə səfər etmədən öncə Liviyaya yüksək səviyyəli səfərlə bağlı təlimat verməsi və xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq etdiyi heyəti Tripoliyə göndərməsi, bu heyətə müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın kimi birinci şəxslərin daxil edilməsi, R.T.Ərdoğanın sammitdə Liviya ətrafında ciddi müzakirələr aparacağından xəbər verir.

NATO sammitindən Qarabağa

R.T.Ərdoğanın NATO sammitində bir çox liderlərlə, o cümlədən C.Baydenlə həm də Qarabağ məsələsini müzakirə etdikdən və “ayaqqabılarının tozunu təmizləmədən” Azərbaycan Prezidenti İ.Əliyev ilə birgə Şuşaya Qarabağa səfər etməsi də mühüm əhəmiyyət daşıyır. Şüşa səfəri Türkiyə rəhbərliyinin müstəqil Azərbaycan tarixində ilk Qarabağ səfəridir. Səfər çərçivəsində Qarabağda bir neçə mühüm layihənin təməlinin qoyulması gözlənilir. Onların arasında Şuşada Türkiyə konsulluğunun inzibati binasının inşaatına başlanması da yer ala bilər. Türkiyə və Azərbaycanın dövlət başçıları birgə təməlqoyma tədbirində iştirakı da mümkündür. Hər iki qardaş ölkə liderinin Şuşada böyük bir müqavilə də imzalayacağı da gözlənilir. Müqavilənin hərbi-sənaye kompleksinə aid birgə istehsal prosesini özündə əks etdirəcəyi ehtimal olunur.

Ərdoğanın bu səfəri, ilk növbədə Qarabağda yerləşən Rusiyanın işğalçı ölkəyə “yumşaq hərbi nəzarəti” fonunda Türkiyənin Azərbaycana verdiyi açıq hərbi-siyasi dəstəkdir. Türkiyə bu səfərlə post müharibə dövründə və gələcəkdə regionun təhlükəsizlik məsələlərində iştirakdan geri çəkilmək niyyətində olmadığını, əksinə, iştiakını gücləndirməklə Qarabağda digər ölkələrin işğalçıya verdikləri birtərəfli hərbi-siyasi və diplomatik dəstək fəaliyyətlərini qəbul etməyəcəyini nümayiş etdirir.

İstənilən halda baş verən proseslər regiondakı hadisələrə təsirsiz ötüşməyəcək. Türkiyə artıq NATO-da müasir aviasiya sistemlərinə malik real bir hərbi güc mərkəzidir. Bunu Qarabağ, Ukrayna, Suriya, Liviya münaqişələri əyani olaraq sübut etdi. Belə bir vəziyyətdə NATO Türkiyə ilə münasibətlərini qorumağa, “cənub qanadını” özünə daha yaxın məsafədə saxlamağa çalışacaq.

Bu baxımdan NATO  adı çəkilən münaqişələrdə Türkiyə iştirakına dəstək verməyə məcburdur, cünki Rusiya bir çox məsələlərdəTürkiyə ilə müəyyən fikir ayrılıqlarına malik olsa da, sonunda Putin Qərb liderlərindən fərqli olaraq, Ərdoğan ilə ortaq məxrəci tapmağa nail olur. Qərb ölkələri real vəziyyətdə Rusiyanın qarşısına çıxacaq əsas NATO gücünün Türkiyə olduğunu yaxşı anlayır. Rusiya isə özündən fərqli olaraq, həm NATO, həm də ABŞ qarşısında dim dik duran Türkiyəyə rəğbətini gizlətmir və onunla münasibətlərini qorumağa çalışır.

Bütün sadalananları nəzərə alsaq, hadisələrin yaxın və orta perspektivdəki inkişafı Türkiyənin həm Yaxın Şərqdə, həm Qafqazlarda, ardınca isə Orta Asiyada daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Ədalət Verdiyev, hərbi ekspert