Şuşada keçirilən “Xarıbülbül” festivalı böyük tarixi qələbənin təntənəsidir – Şuşalı deputatbackend

Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir. Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Festivalın bir neçə mühüm mesaj verdiyini qeyd edən deputat hesab edir ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir: “Eyni zamanda, festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalın proqramı və formatı ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir”.

Millət vəkili 13 yaşında Şuşanı məcburi köçkün kimi tərk etdiyini diqqətə çatdıraraq bildirib ki, Şuşa yalnız bu qədim şəhərin sakinləri üçün deyil, bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir: “Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda, Cıdır düzündə, doğma şəhərdə Bayatı-Şirazın sədalarını eşitmək arzusu ilə yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl sahiblərinə – azərbaycanlılara qovuşduran möhtəşəm Azərbaycan ordusunun hər bir zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!”.

R.Məmmədov Xarıbülbül festivalının açılışında Prezident İlham Əliyevin çıxışında əksini tapmış fikirlərin böyük siyasi-ideoloji məzmuna malik olduğunu, Azərbaycan xalqının tarixi yaddaşına, gələcək haqqında düşüncələrinə, təsəvvürlərinə əsaslanan mühüm mesajlar ehtiva etdiyini vurğulayıb: “Cənab Prezident tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri festivalın əsas hədəfini kifayət qədər dəqiq ifadə edir”.