Susan müsəlman qardaşlarımız, danışan xristian dostlarımız – Nəsiman Yaqublu yazırbackend

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu 1906-ci ildə “İrşad” qəzetindəki bir yazısında qeyd edirdi:”Çar Rusiyasında 30 milyonluq müsəlman toplumu yaşayır.Lakin bu toplum sanki yox kimidir”.  Sonra böyük insan bildirirdi ki, toplumun var olmasını sübut edən və təsdiqləyən əsas şərt  onun səsinin çıxmasıdır-öz hüquqları uğrunda  mübarizə aparması, qəzet nəşr etməsi, siyasi fəallğı və s.

Azərbaycanın  torpaqlarını azad etməsi uğrunda  erməni təcavüzkarlarına qarşı apardığı savaşdan bir həftəyə yaxın müddət keçməsinə, dinc insanlarımızın uşaqlı, qocalı, cavanlı erməni quldurları tərəfindən öldürülməsinə  baxmayaraq Rusiyada yaşayan müsəlman toplumu Ə.Ağaoğlunun təbirincə yazsaq sanki yox durumdadır.Nə səslərini çıxarırlar, nə də haqlı mövqeyimizi dəstəkləyirlər.Danışanda da Qurandan elə müqəddəs sitatlar gətirirlər ki, təəccüb etməyə bilmirsən.Tatarıstanın susmağı, Çeçenistanın sakitliyi, Dağıstanın laqeydliyi təbiidir ki, bizdə təəssüflər doğurur.Dövlət rəsmiləri səviyyəsində bu mümkün olmasa da o bölgələrdə çoxlu sayda qeyri-hökumət təşkilatları mövcuddur ki, bu fəallığı göstərmək olar.

Keçmiş sovet məkanından ayrılıb indi müstəqillik həyatı yaşayan  müsəlman – türk dövlətlərinin də durumu eynidir.Qazaxıstan, Türkmənistan, Özbəkistan. Qırğızıstan  laqeyd bir durumda prosesləri izləyir.Biz demirik ki, silah götürüb bizimlə birgı vuruşun.Xeyir,sizdən umduğumuz ədalətli mövqedə dayanıb erməni təcavüzünü pisləməyinizdir.Siz heç bunu da etmirsiniz.Və həqiqəti də yaxşı bilirsiniz.Bilirsiniz ki,ermənilər təcavüzkardır. 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal edib, başqa bir xalqın ərazisində  özlərinə ikinci dövlət qurur, dinc insanları qətliama yetirir və s. Bunu bilməsəniz də Xocalı qətliamını kimn törətdiyini bilirsiniz.Bəli, bu məqamda susmağınız bizə və haqqı tapdanan bütün insanlara,  millətlərə sayğısızlığınızdır.

Qonşuluğumuzda mövcud olan İranın(təqdirəlayiqdir ki, son günlərdə güneyli soydaşlarımız orada fəallaşıb) davranışı  təcavüzkarın mövqeyi ilə eynilik təşkil edir. Sanki  Yer kürəsində özünü müsəlmanın birinci müdafiəçisi kimi təqdim edən İran, 30 ildir ki, erməni təcavüzündən bir kəlmə danışmamağı ilə yanaşı ərazisindən quldurlara və işğalçılara silah daşımasına şərait yaradır.

Təbiidir ki, xalqımızda qürur doğuran əsas məqam Türkiyənin mənən yanımızda olmasıdır. Və ən çətin günlərimizdə bizə dəstək olan Türkiyə Cümhuriyyətinə hədsiz sevgilərimizi bildirirk.Türkiyənin sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın  Azərbaycanın müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara cəsarətli çağırışları bizə güc verir.Türkiyədə yaşayan qardaşlarımızın hər zaman Azərbaycanın yanında olması səslənişləri indiki zamanda xalqımıza dayaqdır.

Eyni zamanda Ukraynanın bizə dəstək olması, İsrailin dövlət xadimi Libermanın mövqeyimizə sayğılı sözləri, gürcü xalqının görkəmli dövlət adamı M.Saakaşvilinin  ədalətli mübarizəmizi dəstəkləməsi də qeyri müsəlman xalqlar arsında “Azərbaycanın dostları”nın gücləndiyini görürük.