“Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu” – Deputatbackend

Ölkə Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə bir daha dünyaya nümayiş etdirildi.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, illərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi.

Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsırmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Qərb torpaqlarına qovuşması, dünya Azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Noyabrın 8-də, Şuşanın işğalından düz 28 il 6 ay sonra Qarabağın incisinin işğaldan azad edilməsi müjdəsini müqəddəs məkanda – Şəhidlər Xiyabanında xalqına çatdıran ölkə Prezidentimiz bir daha bəyan etdi ki, şəhidlərimizin, erməni vəhşiliyinin qurbanlarının qanı yerdə qalmayacaq.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Xan qızı Natavanın, dahi Üzeyirin, bənzəri olmayan, əsrarəngiz səsli Xan Şuşinskinin vətəni olan Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu. Təbii ki, son illər ərzində ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu qələbəmizi şərtləndirən səbəblərdəndir. Qələbə bəyanatının imzalanmasından bir neçə saat əvvəl isə 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi düşmənə ən sarsıdıcı zərbə, hər yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsi oldu.

Qisas qiyamətə qalmadı, intiqamımızı döyüş meydanında aldıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi erməni lobbisini, erməni təbliğat maşınını, ermənilərin təəssübkeşlik dəyərlərini məhv etdi. Eyni zamanda onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi.

Böyük zəfərimiz hərbi, iqtisadi böhran məngənəsində çabalayan Ermənistanı böyük siyasi xaosa sürüklədi, vətəndaş müharibəsi girdabında hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkənin “Böyük Ermənistan” xülyasını tam iflasa uğratdı. Bu gün artıq havadarlarından da kömək ala bilməyən ermənilər məğlubiyyət açısını yaşadığı halda Azərbaycan əzəmətli qələbəsini tarixə yazır.