Tacikistanla Türkmənistan yeni sazişi imzalamadıbackend

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya ölkələri dövlət başçılarının IV Məşvərət İclası keçirilib.

İclasa Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qatılıb.

Qırğızıstan Prezidenti çıxışında bildirib ki, beynəlxalq münasibətlərin mövcud böhranlı şəraitində bu ölkələr regionun ümumi maraqlarını dünya miqyasında qorumaq və təşviq etmək üçün daha da sıx əməkdaşlıq edəcəklər.

“Təəssüf ki, beynəlxalq mühit istər qlobal təhlükəsizlik, istərsə də dünya iqtisadiyyatı baxımından nikbinlik yaratmır. Bu gün Mərkəzi Asiya dövlətləri ənənəvi təhlükəsizlik çağırışları və təhdidləri ilə üzləşir və onların yeni hibrid formaları yaranıb. Bu baxımdan mən Mərkəzi Asiyada regional təhlükəsizliyə ciddi təsir göstərməkdə davam edən çox mühüm bir məsələyə toxunmaya bilmərəm. Əfqanıstandakı vəziyyəti nəzərdə tuturam. Təəssüf ki, orada vəziyyət mürəkkəb və gözlənilməz olaraq qalır”, – Qırğızıstan Prezidenti qeyd edib.

O, Əfqanıstanla bağlı məsələlərdə region ölkələrini əməkdaşlığa çağırıb. Prezident su mənbələrinin səmərəli şəkildə birgə istifadəsi barədə də danışıb.

“Biz Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan arasında Narın-Sırdərya çayının su və enerji ehtiyatlarının istifadəsi haqqında Saziş çərçivəsində əməkdaşlığın yenilənməsi və təkmilləşdirilməsinin tərəfdarıyıq ki, bu da su və enerjinin balanslaşdırılmış mübadiləsini nəzərdə tutur. Qırğızıstan həmçinin Mərkəzi Asiya ölkələrinin enerji təminatının və təhlükəsizliyinin artırılması məqsədilə hidroenergetika sektorunda əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”, – Sadır Japarov vurğulayıb.

“Azadlıq Radiosu”nun Qırğızıstan bürosu rəsmi mənbələrə istinadən yazıb ki, Tacikistan və Türkmənistan Çolpon-Atada keçirilən sammitdə yeni Orta Asiya dostluq və əməkdaşlıq sazişini imzalamaqdan imtina edib. Sazişi yalnız Qırğızıstan, Qazaxıstan və Özbəkistan imzalayıb.

APA