Taleyüklü məsələlərdə beynəlxalq hüquq işləmir – Deputatbackend

Müasir dünyanın siyasi mənzərəsinə nəzər salanda bu gün güc amilinin ön planda olduğunu müşahidə edirik. Artıq dövlətlərin taleyüklü məsələlərinin həllində beynəlxalq hüquq işləmir.

Təəssüf ki, bu hala Azərbaycanın timsalında da şahid olmuşuq. Torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalması beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Amma beynəlxalq təşkilatlar mənfur ermənilərin əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı işğal etmələrinə, bu qədim diyarı viran qoymalarına, tarixi abidələrimizi, milli-mədəni irsimizi məhv etmələrinə, azərbaycanlıların öz doğma yurdlarından didərgin düşmələrinə, onların başına gətirilən müsibətlərə, sərhədboyu ərazilərdə tez-tez törədilən təxribatlara, dinc əhalinin qətlə yetirilməsinə səssiz qalırdılar.

Dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu hadisələrə seyrçi münasibət beynəlxalq ədalət prinsipləri üçün böyük təhdiddir. Ölkəmiz torpaqlarımızın düşmən işğalından azad olunmasına məhz hərbi gücü sayəsində, Vətən müharibəsində qazandığı qələbə ilə nail oldu.

Şübhəsiz ki, güc amili bundan sonra da dünyada hakim olacaq, ona görə də biz daha güclü olmalı, hərbi qüdrətimizi daha da artırmalıyıq. 

Bu gün artıq bütün dünyaya məlumdur ki, Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır və tam müstəqil siyasət yürüdür. Əgər müstəqil olmasaydıq, müharibədə qələbə çala, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub. 

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq, dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik, müharibə cinayətləri törətməmişik. Vətən müharibəsi ərzində xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan igidləri, Azərbaycan ordusu, Azərbaycan xalqı tarix yazdı. 

İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Hər bir azərbaycanlı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni edirdi. Hətta Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda edirdilər. Bu, bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir.

Torpaqlarımız uğrunda canından keçmiş üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. 

İndi isə vətəndaşlarımızın öz torpaqlarına qayıda bilməsi üçün Qarabağda əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur, şəhərlərin baş planları hazırlanır. İşğaldan azad olunmuş ərazilərimizdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il ərzində istifadəyə veriləcək. Eyni zamanda, böyük aqropark salınıb, bu il ilk məhsul götürüləcək.

Birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib və ilk növbədə, orada işlər aparılacaq. Bundan sonra isə insanlar qayıtdıqca, bütün qalan ərazilərimiz də bərpa ediləcəkdir. 

Minatəmizləmə işi hələ də davam edir. Ermənilərin Qarabağ ərazisində yüz minlərlə mina basdırması ərazilərdə bərpa və quruculuq işlərini çətinləşdirir, mülki əhalinin təhlükəsizliyinə təhdid yaradır.

Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak olmuş və ya ağır yaralanmışdır. Eyni zamanda, Ermənistan müharibədən sonra da bu torpaqlara minalar yerləşdirmişdir.

Qarabağdan olan həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, təkcə yaşlı nəsil deyil, gənclər də öz dədə-baba yurdlarına qayıtmağa çox həvəslidirlər. Bütün Qarabağa həyatın qayıdacağı gün olduqca yaxındadır.

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı