Tanınmış şəxslər Azad Rəhimovdan yazdılar: “Nə qədər “diri” o nəhəng ölümün altında qaldı”backend

Xəbər verdiyimiz kimi, Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib. Nazir ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, ölkənin tanınmış şəxsləri A.Rəhimovla bağlı fikirlərini, ailəsinə başsağlığ veriblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov: “Allah Azad müəllimə qəni-qəni rəhmət eləsin, əsl dövlət adamı və sadə gözəl insan idi, əvəzedilməz itkidir, Allah yaxınlarına səbr versin, məkanı cənnət olsun”.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev: “Acı xəbər məni dərin sarsıtdı. Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov haqqın dərgahına qovuşdu. Gözəl insan, dövlət və ictimai xadim, həyatsevər, təşkilatçı Azad müəllimin əziz xatirəsi, onu tanıyan minlərlə insanın qəlbində əbədi iz buraxmışdır. Ailəsinə, doğmalarına baş sağlığı verirəm. Allah rəhmət eləsin”.

Deputat Elnur Allahverdiyev: “Dövlətə və vətənə qəlbən bağlı, mərd və unudulmaz insan, əsl vətəndaş olan İdman və Gənclər naziri Azad Rəhimov vəfat edib. Allah rəhmət eləsin!”

Gənclər və idman nazirinin müavini İntiqam Babayev: “Vətənini sevən insan! Ruhunuz şad olsun”.

Deputat Müşfiq Cəfərov: “Sözün bitdiyi an! Azad müəllimlə ünsiyyətdə olan hər kəs onun necə gözəl insan, necə gözəl rəhbər olduğunu görürdü və ağız dolusu danışırdı. Azad müəllim gənclərin və idmançıların dostu idi. Azad müəllim hər kəsdən soruşardı, nə probleminiz var? Nə sözünüz var? Belə bir insanın dünyasını dəyişməsini eşidəndə adamın heç inanmağı gəlmir. Allah Azad müəllimə qəni qəni rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun”.

Millət vəkili Nigar Arpadarai: Bu gün çox dəyərli, səmimi, böyük ürək sahibi, peşəkar Azad Rəhimovu itirdik… Allah rəhmət eləsin .. Ruhu şad olsun!”

REAL TV-nin rəhbəri Mirşahin Ağayev: “O, azad oldu. İndi azad olmaq növbəsi bizdədir. Çamurdan, ardca danışmaqdan, idbarlıqdan azad olmaq. Heç kimi ideallaşdırmıram. Amma Azad Rəhimovun ölümü ətrafında bu bir neçə gündə nə qədər adam yaşadı. Ən maraqlısı da bilirsiniz, nədir? Azad getdi, amma həm də qaldı! Onlar isə, sadəcə olaraq, getdilər. Onlar boş danışdılar, guya söz azadlığı idi… O isə öz azadlığı idi. Onun ölümünün gövdəsi ömrünün gövdəsitək böyük oldu və bu gövdə yıxıldı. Nə qədər “diri” o nəhəng ölümün altında qaldı. Qarabağın işğaldan azad edilməsi fonunda Azad itkisi heç yerinə düşmədi. Onunla “İmarət”ə getməli idik. Ağdama… Gedə bilmədi. Ruhu gedəcək. Azad ruhu. Bəlkə də artıq oradadır”.

Xalq artisti Faiq Ağayev: “Azad Rəhimov haqq dünyasına qovuşdu. Gözəl insan, qayğıkeş dost, böyük peşəkar getdi… Çox heyf, çox… Rəhmət diləyirəm, Allah o dünyasını versin”.