Tanınmış tərcüməçidən “Misli”yə sərt etiraz:“Xalqımıza tövsiyəm bu oyunları oynamamaqdır”backend

Axşam Məhəmmədəli Qəriblinin Naxçıvanda 4 Misli məntəqəsi açılmasıyla bağlı paylaşımını dinləyəndən sonra bu məsələ ilə yüngülvari maraqlandım.

Açığı, son zamanlar şəhərdə hara gedirəmsə, gözümə “misli” yazılmış lövhələr dəyir. Bir müddət fikir vermədim, yəni bir növ şüursuz baxdım. Sonra düşündüm ki, “İmişli” sözünü xatırladır və maraqlandım. Avtobusun pəncərəsindən diqqət edəndə gördüm ki, şüşələrinə lotoreya biletləri yapışdırılıb.

İstər-istəməz düşündüm: bəs Topaz? Tez də üstündən keçdim.

Məhəmmədəli bəyin reportajından sonra axşam internetdə bir balaca maraqlandım. Çoxlu qəliz məlumata, müqavilə formasına-zada rast gəldim və axıracan oxumağa səbrim çatmadı. Sonra gördüm ki, saysız-hesabsız lotoreya növləri reklam olunur. Feysbuk səhifələri də var.

İik baxışdan demokratik və nisbətən güvənli görünən iki oyun diqqətimi çəkdi. “36-dan 5” və “4+4” oyunları. Qayda belədir ki, Misli məntəqəsinin birindən kupon alır, 36 rəqəmdən beşini, yaxud 20 rəqəmdən 8-ni (4+4) işarələyir, həmin kuponu təhvil verərək bilet alır və oyunda iştirak edirsən.

Bir variant bir manatdır. Yəni oyunda 1 manatla da iştirak etmək olar. Ancaq bu guya ki o qədər də böyük uduş şansı vermir. Odur ki, iştirakçıları şirnikləndirərək, daha çox vəsait qoymaqla müxtəlif kombinasiyalarla iştiraka sövq edirlər. Guya belə olduqda udmaq şansı daha çox olur. Dərin və geniş düşünə bilməyənlər də bu tora düşür. Çünki variant və kombinasiyaların sayını artıqmaq uduş şansını çoxaltmaqdan daha çox iştirakçıların daha çox pul itirmək ehtimalını yüksəldir.

Niyə? Çünki bu oyunların ən sadəsi olan “36-dan 5” lotoreyasında yüz faiz qalib gəlmək və cek-potu qazanmaq üçün 365 211 variant verməlisən. Bu qədər variant elə 361 211 manat edir. Odur ki, 50, 100, hətta 1000 variantla oynasan da, udmaq şansın bir o qədər yüksək deyil. Bu səbəbdən də bu azardan özünü saxlaya bilməyənlər minimum məbləğ qoysalar, oyundan daha az ziyanla çıxarlar.

“4+4” oyununda cek-pot 1 milyon manata qədər yüksəlsə də, variantlar sonsuz saydadır – 23 474 025. Yəni bütün variantları əhatə etmək üçün 23 milyon manatdan artıq pul qoymalısan.

Bu qədər variantı əhatə edə bilmək üçün gərək Azərbaycan əhalisinin uşaqlı-böyüklü hamısı oynasın və hərəsi təxminən 3 variant versin. Yəni uduş şansı bu qədər azdır. Ancaq guya ki, bu yaxında bir Xaçmaz əhli 913 min manat udub.

İnandırıcı deyil. Necə əmin olmaq olar ki, istənilən bileti uduşlu çıxarmaq Azərlotoreyanın əlində deyil. Yəni lototronu elə proqramlaşdırmaq mümkün deyilmi ki, məsələn, Əhmədin verdiyi variantı çıxarsın? Çünki cek-potun udulub-udulmadığıni, hətta ən kiçik uduşları anında müəyyən və elan edən süni intellekt üçün bunu etmək heç nədir. Həmin kompüter oyunçuların təqdim etdiyi heç bir variantı bir neçə tiraj çıxarmayıb, cek-pot məbləğini süni şəkildə artıra, sonra da istədiyi bileti uduşlu çıxara bilməzmi?

Deyilənə görə, bu işi türkiyəli qardaşlarımız fırladır. Türklərin və azərbaycanlıların fırıldağa, əliəyriliyə hədsiz meyilli olduğunu nəzərə alsaq, bu ehtimal yüksək deyilmi?

Xalqımıza tövsiyəm bu oyunları oynamamaqdır. Oynamaqdan özünü salxlaya bilməyənlər böyük risklərə getməsinlər və cek-pota ümid etməsinlər. Kiçik pullar qoyub kiçik uduşlar əldə etmək şansı daha realdır.

Onu da bildirim ki, adətən normal qazancı, maaşı, dolanışığı olan insanlar belə şeylərə meyil etmirlər. Bu səbəbdən bütün növ lotoreyalar işsiz və kasıb əhalinin başını qatmağa xidmət edən dövlət siyasətinin tərkib hissəsidir.

Həm də qumardır. Ərdoğan hakimiyyətə gələndə dedilər ki, guya Türkiyədə bunu ləğv edəcək. İslamda qumar haram sayılır axı. Ancaq etmədi, edə bilmədi. Ona başa saldılar ki, Türkiyə kimi kasıbçılığın və işsizliyin tüğyan elədiyi ölkədə insanlar nəyəsə ümid etməlidirlər. Əks təqdirdə üsyan edə bilərlər.