TAP kəməri ilə yaxın beş ilə hidrogen və biometan nəql ediləcəkbackend

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə bu ilin sonunadək İtaliyaya nəql edilən qazın həcmi 7 mlrd. kubmetrə çatdırıla bilər.

“Yeni Gündəm”-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Şipatinin (Luca Schieppati) deyib.

Onun sözlərinə görə, bu ilin doqquz ayında TAP vasitəsi ilə İtaliyaya 4,6 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib. Artıq 1 mlrd. kubmetr qaz da Türkiyə ilə Yunanıstanın sərhədində keçib və İtaliya istiqamətində nəql edilir.

L. Şipati onu da əlavə edib ki, ilin nəticələrinə görə, bu göstərici 7 mlrd. kubmetrədək çata bilər, bu da İtaliyanın qazda olan tələbatının (70 mlrd. kubmetrdən artıq) təxminən 10%-nə bərabərdir.

Baş direktorunun sözlərinə görə, gələcək beş il ərzində TAP konsorsiumu mövcud infrastrukturlarla qazla yanaşı, hidrogen və biometan da nəql edəcək.

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, bu il TAP kəməri vasitəsi ilə 8 mlrd. kubmetrə yaxın qazın nəqli gözlənilir, 2022-ci ildə isə bu göstərici 10 mlrd. kubmetrə çatacaq.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.

Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.