Tarixi qələbə Tarixi bəyanatbackend

10 Noyabr Bəyanatının imzalanmasından iki il keçir, bu müddət ərzində sənədin yerinə yetirilməyən müddəalarına görə məsuliyyəti Rusiya və Ermənistan daşıyırlar.

Moskva ilə İrəvanın ortaq məsuliyyəti Bəyanatın 4-cü maddəsinə nisbətdə daha çox gözə çarpır, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən qanunsuz silahlı birləşmələrini çıxarmaq məsələsində oyun oynayır.
Hərçənd ki, bu oyunun baş memarı elə Moskvanın özüdür, İrəvanın ikibaşlılığı isə sadəcə, yenə də hansısa güzəştlərə nail olmaq və dəstək qazanmaq ümidlərinə qapılmaqdan yaranır.
Arxa planda Rusiya Azərbaycanla danışıqlarda 4-cü bənd üzrə Moskvanın erməni silahlılarının çıxarılmasına dair öhdəliyi olmadığı haqqında fikirlər səsləndirə bilər.
Ancaq Moskvanın ikitirəli mövqeyi Azərbaycanı Qarabağda antiterror əməliyyatları keçirməyə vadar etdi və Bakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında hərbi güc tətbiqi presedentini yaratdı.
Azərbaycan isə Rusiya sülhməramlılarının “istismar müddəti” bitəndən sonra onların ölkə ərazisindən çıxarılmasında prinsipial mövqe sərgiləyir və qətiyyət göstərir ki, Rusiya qoşunları erməni əhalinin mənəvi, hərbi-siyasi təminatçısına çevrilməsin.
Rusiya ermənilərə simpatiya duymur, onun məqsədi erməni amili ilə rus icması və ya onun ekvivalentində bir təsisat yaradılmasına nail olmaqdır.
10 Noyabr Bəyanatının digər icra edilməyən hissəsi 9-cu maddə ilə bağlıdır, belə ki, hələ də Zəngəzur dəhlizinə dair Ermənistan tərəfində qeyri-müəyyən mövqelər bərq vurmaqdadır.
Etiraf etmək lazımdır ki, Rusiya bu məsələdə Azərbaycanı dəstəkləyir, çünki Moskva dəhlizi yeni regional iqtisadi alətlərin qazandıracağı dividendlər kimi nəzərdən keçirir. Ancaq hər şey rəvan getmir, açılması gözlənilən Zəngəzur dəhlizi qlobal tədarük zəncirlərinin bir halqası kimi status qazanacağından onun uğrunda böyük güclər arasında kəskin çəkişmə gedir.
Regionun hədsiz rəqabət meydanına çevrildiyini dərk edən Azərbaycan hərbi tədbirlərlə özünə perspektiv üçün layiqli strateji yer qazanmağı hədəfləyir.
Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.
Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz  hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Üçtərəfli Bəyanatda göstərilən bəndlərin icrası məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəyi deməkdir. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız qazanılmış Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza xüsusi sevgi və hörmət bəsləyir.


Özləm Əliyeva/ Nəsimi rayon təhsil işçisi