“TDT bütün dünyaya bir daha qardaş dövlət olaraq bir yerdə olduqlarını nümayiş etdirdi” – Millət vəkilibackend

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının fövqəladə iclası keçirilib. İclasın məqsədi Türk Dövlətləri Təşkilatının Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması, təşkilata üzv və müşahidəçi dövlətlərin qardaş Türkiyəyə dəstək olmalarını ifadə etmək idi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

O açıqlayıb ki, zəlzələ baş verən gündən türkdilli dövlətlər qardaşlıq nümunəsi göstərərək Türkiyəyə kömək üçün səfərbər oldular.

“Bu, gözlənilən bir addım idi. Türk Dövlətləri Təşkilatına üzv ölkələr eyni tarixə, ortaq mədəniyyətə mənsub xalqlardır. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyub Ərdoğan Türkiyəyə gələn Türk Dövlətləri Təşkilatı başçılarını qarşılayarkən onlara qucaq açması bir daha ölkələrin həqiqətən qardaş evinə gəlməsinin sübutu idi. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan zəlzələ zamanı göstərdikləri dəstəyə görə bütün dövlət başçılarına, Türkiyə dövləti və xalqı adından təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəlzələ baş verən ilk saatlardan sona qədər Türkiyənin yanında olduğu üçün xüsusi minnətdarlıq bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxışı zamanı Vətən müharibəsində Türkiyənin ilk saatlarda Azərbaycana verdiyi həm siyasi, həm də mənəvi dəstək sayəsində dövlətimizə və xalqımıza əlavə güc verdiyini vurğuladı”,-o vurğuladı.

Millət vəkili Kamilə Əliyeva hesab edir ki, Türk Dövlətləri Təşkilatı bütün dünyaya bir daha qardaş dövlət olaraq bir yerdə olduqlarını nümayiş etdirdi.

“Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin başçıları sona qədər Türkiyənin yanında olacağlarını bəyan etdilər. 20 mart 2023-cü ildə Brüsseldə Beynəlxalq donorlar konfransında Türk Dövlətləri Təşkilatı yaxından iştirak edəcək və Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünün 2023-cü ilin oktyabr ayında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilməsini bir daha təsdiq edəcəklər. Görüşün yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin gələcəkdə qarşılıqlı fəaliyyəti, fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı Ankara Bəyannaməsi də imzalandı”,- deyə o qeyd etdi.

Fərahim Rəhimov