Təcili tibbi yardımın gecikməsinin səbəbi açıqlandıbackend

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov təcili yardım xidməti əməkdaşlarının çağırış yerinə bir və ya iki gün sonra gəlməsi barədə danışıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu gün keçirilən brifinqdə o bildirib ki, poliklinikaların test üçün nümunə götürməsi xidməti artıq təcili tibbi yardıma edilən müraciətlərin və bu yükün azalmasına səbəb olacaq:

“Covid-19-a yoluxmuş şəxslərin ev şəraitində müşahidəsi və müalicəsi ondan irəli gəlir ki, xəstəxanaların, insan resurslarının, həkimlər, tibb bacılarının, xəstələrin müraciətini qəbul edib, onları xəstəxanalara çatdıran təcili tibbi yardımın üzərinə düşən yük azalsın.

Göstərilən tibbi xidmətin optimallaşdırılması və tibbi xidmətin keyfiyyətinin artırmaq üçün ev şəraitində müşahidə və müalicə ilkin səhiyyə xidməti – polikinikaların üzərinə qoyulur və beləliklə, təcili yardımın gec gəlməsi, testlərin nəticələrinin gec çıxması ilə bağlı faktlar varsa da, poliklinika üzərinə yükün bir hissəsini götürəndən sonra, təcili tibbi yardımın və xəstəxanaların işinin daha səmərəli getməsini gözləyə bilərik.

O ki qaldı xəstələrin gec müraciət etməsinə, etiraf edək ki, bir çox vətəndaşlarımız Covid əlamətləri olanda bunu başqa insanlara bildirməkdən çəkinir, ehtiyat edirlər ki, onları xəstəxanaya aparacaqlar və işə gedə bilməyəcək. Buna görə, xəstəliyi müəyyən müddət gizli saxlayırlar, özbaşına müalicə tədbirləri görürlər və nəticə gözləyirlər.

Koronavirus elə bir infeksiyadır ki, xəstənin vəziyyəti qısa bir müddətdə dəyişə bilər. Ona görə, əgər biz bu xəstəliyin ağırlaşmalarını az görmək istəyiriksə, əlamətlər olan kimi həkim məsləhəti üçün müraciət etməliyik”.