“Təəssüf ki, Nərmin nümunəsi birinci dəfə deyil” – Deputatdan sərt təpkibackend

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim.

Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm.

“Yenigundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün facebook profilində yazıb.

Millət vəkili bildirib ki, “təəssüf ki, Nərmin nümunəsi birinci dəfə deyil. Yaxud yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq”, – deyə fikrini izah edib.

Daha sonra “onlar azdır, barmaqla sayılan qədərdilər, ancaq onlar var” deyən Aydın Mirzəzadə bunları söyləyib:

“Sanki, onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər.

Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər. Daha doğrusu şüurlu surətdə başa düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarını söylədikləri ilə üst-üstə düşür. Sanki, Nərminlər hardasa bu məsələlərlə bağılı bir kurs keçiblər.

Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır.

Ermənistanda son zamanlar işğal edilmiş, torpaqlarımızı gerdi qaytarmaq səsləri eşidilir. Ancaq Nərmindən fərqli olaraq Ermənistanda hələ heç kəs öz əsgərinə “azərbaycanlıya güllə atma, onun bacısı, anası var” deyən yoxdur. “Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir.

Ötən il Fizuli rayonunda yaşayan Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxdı.

Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi. Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”.