Təhlükə reallaşsa, Azərbaycanda məktəblər bağlana bilər (EKSPERT)backend
“Əgər virus təhlükəsi real olarsa, məktəblərin bağlanılması, bir neçə həftəlik tətil elan olunması zəruridir”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, təhsil ocaqlarında təhlükəsizliyin, gigiyenik qaydaların təmin edilməsi daha çox məktəb rəhbərliyinin marağında olmalıdır:
“Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrində baş verən bədbəxt hadisələr şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir. Bu gün ölkəmizdə 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi var.
Təəssüflər olsun ki, bütün təhsil ocaqlarında sanitar normalara əməl olunmur və gigiyenik vəziyyət qənaətbəxş deyil. Bununla yanaşı, məktəblərdə ilkin tibbi yardım göstərilməsi ilə bağlı ciddi problemlər var. Məktəblərin tibb otaqlarında lazımi avadanlıqlar və preparatlar yoxdur. Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir-biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox rast gəlinir. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Hesab edirəm ki, hər gün dərs başlamamışdan öncə şagirdlər tibb bacısının müşayiəti ilə yoxlanılmalıdır. Bundan başqa məktəbin tibb otağında ilk olaraq yod, spirt, 3 faizli hydrogen-peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarım hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardım göstərmək üçün istifadə edilir”.
Kamran Əsədov qeyd edib ki, dünyanın bir sıra ölkələrində məktəblərdə vəziyyət bir az fərqlidir:
“Onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Yaxşı olar kı, Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi hər bir şagirdin qorunması üçün respiratorlar təqdim etsin, məktəblərin hər gün dezinfeksiya olumasını təmin eləsin. Əgər virus təhlükəsi real olarsa, məktəblərin bağlanılması, bir neçə həftəlik tətil elan olunması zəruridir”.