Təhsil müəssisələrinin dövlət qeydiyyatına dair YENİ TƏLƏBbackend

Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşir.

“Yeni Gündəm” məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 7-də keçirilən iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik hüquqi şəxs statusu almaq istəyən təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması barədə müraciətinə əlavə edilən sənədlərlə bağıdır. Bu sıraya təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin Təhsil Nazirliyi  ilə razılaşdırılması barədə sənəd əlavə edilir.

Qeyd edək ki, “Təhsil haqqında” qanunun 30.5-ci maddəsinə əsasən, təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.