Təhsil naziri repititorların fəaliyyətinə münasibət bildirdibackend

“Hazırda təhsil sahəsi ciddi şəkildə tənzimlənir. Bunun da özünəməxsus səbəbləri var. Həm infrastruktur, həm məzmunla bağlı tələblər müxtəlif pillələrdə tətbiq edilir”.

Bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni orta və ali məktəblərin açılması və biznes layihəsi kimi gəlirlə fəaliyyət göstərməsi kifayət qədər kapital yönlü istiqamətdir: “Yəni bu investisiya tələb edən sahədir. Qısa zamanda təhsil müəssisəsi açıb külli miqdarda gəlir əldə etmək yəqin ki, mümkün deyil. Fikrimcə, Azərbaycanda təhsil biznesinin qısa müddət ərzində mənfəətli olmaması biznes prosesinin təklif tərəfi ilə bağlı ən ciddi problemlərdən biridir”.

Nazir qeyd edib ki, valideynlərin gözləntiləri və ödəmə həvəsi də vacib məsələdir: “Tələb tərəfini müəyyənləşdirən də gözləntilərdən asılıdır. Təhsil prosesindən gözlənti ümumtəhsillə bağlı konkret nəticələrə əsaslanır. Misal olaraq, ali məktəbə qəbul olmaq. Özəl repititorların özəl sektorda payı oturuşmuş məktəblərin payından qat-qat çoxdur. Çünki həmin xidmətlər konkret və müəyyən müddətlikdir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticələrinə baxsaq məlum olar ki, aşağı siniflərdə zəif nəticə göstərən şagirdlər yuxarı siniflərdə nə qədər repititor yanına getsələr də, valideyn çoxlu pul xərcləsə də, yaxşı nəticə əldə etməsi istisna hallarda mümkün olur”.