Təranə Quliyeva: Şağan Reabilitasiya Pansionatına respublikanın bütün bölgələrindən müraciət edirlərbackend

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin Şağan Reabilitasiya Pansionatı media tur təşkil edib.

“Yeni Gundem” xəbər verir ki, media nümayəndələri reabilitasiya pansionatında əlilliyi olan şəxslərə, eləcə də,  Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.

”Yeni Gundem”in suallarını cavablandıran Şağan Reabilitasiya Pansionatının direktoru Təranə Quliyeva açıqlayıb ki, Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar və s.) verilib.

“Mərkəzimiz respublikanın ən böyük realibilitasiya mərkəzidir. Burada 250 çarpayılıq yer mövcuddur. Mərkəzimizdə həm post-müharibə dövrünün veteranları, həm də ümumi əlillikləri olan şəxslər müalicə alırlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, reabilitasiya potensialının dəfələrlə artmasına nail olunub. Bakı və ölkəmizin regionlarında 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin ilk rübündə əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib”.

O vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində 2722 nəfər müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35509 reabilitasiya vasitəsi, I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

“Agentliyimiz son dövrlərdə cənab Prezidentin reabilitasiya mərkəzlərinə qoyduğu tələbləri həyata keçirərək bütün bərpa mərkəzlərində yalnız fiziki deyil, eyni zamanda psixoloji yardım və digər reabilitasiya prosedurlarını həyata keçirməklə öz üzərinə düşənləri yerinə yetirir. Hazırda mərkəzimizdə 20 nəfər vətən müharibəsi qazisi müalicə alır. Onlar burda yalnız fizioloji prosedurlar deyil, həmçinin psixoloji terapiya və loqoped xidmətindən də yararlanırlar. Asudə vaxtlarını dəyərləndirmək üçün isə qazilərimiz teatr, ipa terapiya, zoo terapiya kimi təlimlərə qatıla bilirlər. Hər bir əlilliyi olan şəxs il ərzində 4 dəfə bu xidmətdən istifadə etmək hüququna malikdir. Onlar ərazi üzrə TSEK-lərə, yaxud DOST Agentliyinin xidmətlərinə müraciət etməklə rezervasiyalarının vaxtını təyin edib, müvafiq müddət ərzində mərkəzə müraciət edə bilərlər. Ümumiyyətlə, Agentliyimizin 14 realibitasiya mərkəzi və bir ortopedik protez müəssisisi mövcuddur. Ortopedik protez müəssisəsində son nəsil protezlərdən 423 protez 411 nəfərə təqdim edilmişdir. 44 günlük müharibədən sonra bütün realibilitasiya mərkəzlərində cəmi 2700 nəfər əlilliyi olan müharibə veteranı bu xidmətlərdən istifadə etmişdir. Bizim əsas məqsədimiz qazilərimizin yalnız fiziki problemləri həll etməklə məhdudlaşmır. Biz həm də istəyirik ki, onların cəmiyyətə inteqrasiyanı təmin edək. Çalışırıq ki, qazilərimizin beynində qalan mənfi xatirələri və keçirdikləri stresli anları qismən də olsa onlara unutdura bilək”.

Təranə Quliyeva bildirib ki, Şağan Reabilitasiya Pansionatına respublikanın bütün bölgələrindən olan şəxslər müraciət edirlər.

“Hətta Naxçıvandan belə bura gələnlər var. Doğrudur, ən böyük realibilitasiya mərkəzi olmağın öz çətinlikləri var. Lakin Şağan Realibilitasiya Mərkəzi öz ənənəsi olan bir müəssisədir. Ona görə də bizə müraciət edən şəxslər daim buradan razı ayrılırlar. Burada xəstələr 3 dəfə qidalanma ilə təmin olunur. Müxtəlif su prosedurları, müalicəvi bədən tərbiyəsi prosedurları və daha bir çox yeni proseslərdən keçirlər. Əlilliyə yol açan müxtəlif problemlərdən dolayı müraciət edən şəxslər var. Sadəcə onkoloji və psixi problemi olan xəstələrin müraciəti məhdudlaşdırılmış formada qəbul olunur. Biz onların müraciətini yalnız mütəxəssis rəyi olduğu zaman qəbul edə bilirik. Qazilərin müalicəsi ilə bərabər, həm də onların bir sıra müxtəlif məşğuliyyətlərə zaman ayırması onlara çox müsbət təsir edir. Beləliklə, bu şəxslər özlərini yad kimi hiss etmirlər. Bura mütəmadi olaraq gələn şəxslər artıq mərkəzi öz evi kimi qəbul edir və sevirlər. Sağlamlıq imkanları məhdud olan şəxslərə baxmağın müəyyən çətinlikləri var. Bu səbəbdən bəzən onların ailələri usansa da, bizim əməkdaşlarımız onlara qayğı göstərməkdən heç zaman yorulmurlar”,- deyə o qeyd edib.