Tərtərin başçısından şəhid anasına təhqir: “1000 manat alanda yaxşıydı…” – Videobackend

Nəzakət Aslanova… O, Tərtərdə yaşayır. Əslən Ağdərə köçkünüdür. Nəzakət xanımın taleyinə nə yazılıbsa, ikinci dəfədir əzizi Vətən üçün şəhidlik zirvəsinə ucalır.

Hələ I Qarabağ savaşında onun qardaşı Ağdaban hadisələrində şəhid olub, məzarı düşməndən 28 il sonra azad edilmiş Kəlbəcərdədir.
Bu dəfə – II Qarabağ müharibəsində isə N.Aslanova balasını Vətənə qurban verib. Oğlu – gizir Aslanov Xəyal Qüdrət oğlu Talış istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
X.Aslanov 2014-cü ildən Orduda gizir kimi xidmət edib. Ordumuzun əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən ön xətdə olub.

Reportyor.info-ya danışan şəhid anasının sözlərinə görə, sentyabrın 28-də onlara Xəyalın yarandığı barədə məlumat verilib.
“Bizə zəng gəldi ki, Xəyal yaralanıb. Həmin an Xəyalın əmisi uşaqları ilə bir yerdə Tərtər rayon İcra Hakimiyyətinə getmişik. Orada Xəyalı istəmişəm, demişəm ki, uşağımı verin.
Bu vaxt hərbi səhra formasında biri mənə yaxınlaşıb dedi ki, 1000 manat alanda yaxşıydı, öləndə pis?! Bu sözdən sonra orada huşum gedib.
Ayılanda gördüm ki, oğlumun tabutu artıq qapıya gəlib. Xəyalın dəfnindən üç gün sonra qaynımın oğlundan soruşdum ki, hərbi formada olan, mənə o sözü deyən şəxs kim idi? Qayıtdı ki, Tərtərin icra başçısı Müstəqim Məmmədov idi”, – deyə N.Aslanva bildirir.
Şəhid anası qeyd edir ki, Tərtərin icra başçısı oğlunun dəfnində iştirak etməyib: “Həmin günlərdə rayon çəkiliş edən müxbirlərlə dolu idi, bir nəfər çəkiliş aparmayıb. Özü də Xəyal Tərtərə gələn ilk şəhid idi.
O, Talış istiqamətində gedən döyüşlərdə Qərargah rəisi ilə birlikdə şəhid olub. Amma bu günə kimi icra hakimiyyətindən heç kəs bizimlə maraqlanmayıb”.
Ürəyi dağlı ana danışır ki, M.Məmmədov bir rayon rəhbəri kimi şəhidin ruhuna ehtiram əlaməti olaraq heç məzarı üstünə bir əklil göndərməyib: “Nə oğlumun qəbrinə gül qoyub, nə qapımızdan bir bayraq asılıb.
Xəyalın xəbəri gələn gün İcra Hakimiyyətində 150-200 adam olardı, tək qadın mən idim. O an ayaqyalın şüşələrin üstündə qaçıb oğlumu istəyirdim.
Ancaq gah birinin işi vardı, biri qapıçı idi, biri süpürgəçi… Yəni hərənin öz işi var imiş, heç kəs yaxın gəlmir, maraqlanmır.
Bu müddət ərzində gözləmişəm ki, bəlkə icra başçısı Xəyalın atasına zəng edər, ya bir üzrxahlıq edər, heç olmasa oğlumun məzarına bir gül göndərmiş olar. Bunların heç birini etməyib.
Əvəzində həmin gün əlləri cibində gəzirdi, mənə də dedi ki, 1000 manat alanda yaxşıydı, öləndə pis?! Mən də istəyirəm ki, Prezident bu məsələdən agah olsun. Mən həm şəhid bacısıyam, həm şəhid anasıyam.
Bizə olan hörmət budur? Təsəvvür edin ki, müharibə vaxtı 40 gün Bərdədə məktəbdə qaldıq, Tərtər İcra Hakimiyyətindən maraqlanan olmadı.
Yenə Bərdə icra başçısı Vidadi İsayev sağ olsun, bizimlə maraqlandı, mənəvi dəstək oldu, bizi yerləşdirdi. Bu gün heç nə istəmirəm.
Sadəcə, Tərtərin icra başçısı Müstəqim Məmmədov Xəyalın şəhid olduğu günü mənə dediyi “1000 manat alırdın yaxşıydı, öləndə pis?!! sözünün açıqlamasını versin.
Çünki o şəhidlər qanları ilə istehkamları dağıdıblar, qanları ilə qəhrəmanlıq dastanı yazıblar. Xəyal ona görə canını verməyib ki, anasına icra başçısı belə söz desin”.

Gülay