Təsərrüfat təyinatlı sahələrdə tikilən evləri nə GÖZLƏYİR? – AÇIQLAMAbackend

Son zamanlar kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış obyektlərinin tikilməsi ilə bağlı hallar geniş vüsət alıb. Təsərrüfat təyinatlı ərazilərdə uzun zaman əkin-biçin işlərinin aparıldığını görsək də, daha sonra yerində yaşayış evlərinin yavaş-yavaş baş qaldırdığının da şahidi oluruq. Sözügedən sahələrdə fərdi evlərin inşası məsələsinin nə dərəcədə qanuni olması isə sual altındadır. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, təsərrüfat üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək qadağandır:

“Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış evlərinin tikilməsi qəti şəkildə qadağandır və qanunvericiliyə ziddir. Birmənalı olaraq, Torpaq Məcəlləsində də qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yalnız təyinatı üzrə, yəni əkin-biçin və digər bu kimi işlərin həyata keçirilməsinə icazə verilir. Sözügedən ərazidə hər hansı bir fərdi yaşayış evinin tikintisi həyata keçirilsə belə, ona dövlət qeydiyyatlı çıxarışın verilməsi mümkün olmayacaq. Hər bir torpaq sahəsinin üzərində yalnız onun təyinatına uyğun olaraq tikinti həyata keçirilməsinə icazə verilir. Fərdi yaşayış evlərinin tikintisi yalnız yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır”.

Ekspert bir çox bölgələrdə təsərrüfat təyinatlı sahələrdə evlərin inşa edilməsi faktını da təsdiqləyib:

“Hazırda Bakının bir çox məntəqələrində, həmçinin rayonlarda kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evlərinin tikilməsi halları geniş yayılıb. Məsələn, Maştağada yerləşən Savalan qəsəbəsi, Məhəmmədi kəndi, Abşeronun bir çox qəsəbələrində, hətta Göygöl və turizm təyinatlı Qusar rayonunda da kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə minlərlə fərdi yaşayış evləri tikilib. Həmçinin turizm obyektlərinin tikintisi də müşahidə olunur”.

Bəs torpaqların istifadə təyinatının dəyişdirilməsi və tikilmiş evlərin rəsmiləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

“Torpaqların istifadə təyinatlarının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir və vətəndaşlar özləri birbaşa müraciət edə bilməzlər.

Çıxış yolu budur ki, həmin rayon, kənd üzrə səlahiyyətli bələdiyyələr ya da rayon icra hakimiyyəti Nazirlər Kabinetinə müraciət etsin və həmin sahənin təyinatı kənd təsərrüfatı təyinatından fərdi yaşayış sahəsinə dəyişdirilsin. Bundan sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinə aid edilir və kənd inzibati nümayəndəliyinin tabeliyinə keçirilir. Yalnız bundan sonra həmin evlərə çıxarış, yəni, rəsmi sənədin verilməsi mümkündür”, – deyə R.Qasımzadə bildirib.